Polşa Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərin verilməsi məsələsinə yaxın günlərdə qərar verəcək.
Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetskayanın sözlərinə görə, mümkün silah tədarükü ilk növbədə Polşanın milli təhlükəsizliyi baxımından qiymətləndiriləcək. Bu barədə o, RMF FM-ə açıqlamasında bildirib.
Nazir müavini qeyd edib ki, məsələ ilə bağlı NATO və ABŞ ilə məsləhətləşmələr aparılır. Onun sözlərinə görə, son günlərdə Rusiya raketinin Polşa ərazisinə daxil olması ilə bağlı insident də Varşavanın mövqeyinə təsir edib.
Sobkovyak-Çarnetskaya bildirib ki, müdafiə naziri Vladislav Kosinyak-Kamış hazırda Ukraynaya əlavə “Patriot” raketlərinin göndərilməsini dəstəkləməyə meyllidir. O, raketlərin Ukrayna ərazisində məhv edilməsinin onların Polşa ərazisinə çatmasından daha məqsədəuyğun olduğunu düşünür.
Polşa daha əvvəl də Ukraynaya “Patriot” sistemləri üçün raketlər təqdim edib.
İyul ayında Varşava bir neçə ay əvvəl Ukraynaya PAC-3 raketləri göndərdiyini açıqlamışdı. Baş nazir Donald Tusk həmin yardımın beş raketdən ibarət olduğunu bildirmişdi.
Yeni tədarüklə bağlı yekun qərarın yaxın günlərdə qəbul ediləcəyi gözlənilir.
//Samir Qurbanov, Editor.az

