ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, Avropa İttifaqı metan emissiyalarına dair tələbləri yumşaltmasa, ABŞ Avropa ölkələrinə LNG ixracını məhdudlaşdıra və ya dayandıra bilər.
Editor.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, metan emissiyalarına dair qanunvericilikdə əhəmiyyətli dəyişikliklər edilməzsə, Avropa ciddi enerji problemləri ilə üzləşə bilər. Rayt vurğulayıb ki, bu, qarşıdurmanın genişləndirilməsi deyil, ABŞ enerji resurslarının alternativ bazarlara yönəldilməsi deməkdir.
Mövzu ilə bağlı daha əvvəl Bloombergin köşə yazarı Xavyer Blas da Avropanın Amerika mənşəli mayeləşdirilmiş təbii qazdan həddindən artıq asılı vəziyyətə düşdüyünü qeyd etmişdi. Onun yazısında bildirilirdi ki, Avropa rəsmiləri qapalı görüşlərdə ABŞ LNG-sindən artan asılılıqla bağlı narahatlıqlarını ifadə edirlər.
Blasın fikrincə, bu asılılıq Vaşinqtona Brüssel ilə danışıqlarda əlavə diplomatik təsir imkanları qazandıra bilər. O hesab edir ki, Avropa ABŞ LNG-sinin ümumi tədarükdəki payını daha təhlükəsiz səviyyəyə – təxminən 50 faizə qədər azaltmalıdır.
Ekspert xəbərdarlıq edib ki, Avropa ehtiyatlı siyasət yürütməsə, yaxın gələcəkdə LNG idxalının 75 faizindən çoxu üzrə ABŞ-dan asılı vəziyyətə düşə bilər.
Qeyd edək ki, ABŞ son illərdə Avropanın əsas LNG təchizatçılarından birinə çevrilib və Rusiya qazından asılılığın azaldılması istiqamətində Avropa ölkələrinin enerji strategiyasında mühüm rol oynayır. Buna görə də Vaşinqton və Brüssel arasında enerji siyasəti ilə bağlı mümkün fikir ayrılıqları Avropanın enerji təhlükəsizliyinə birbaşa təsir göstərə bilər.
//Gülnarə Abasova, Editor.az

