Rusiyada 2023-cü ildə baş vermiş “Vaqner” qiyamı ilə bağlı yeni detallar üzə çıxıb. Priqojinin yaxın çevrəsində çalışmış hüquqşünas İqor Yeliseyevin sözlərinə görə, qiyam zamanı Rusiya rəhbərliyi əvvəlcə Yevgeni Priqojinlə telefon əlaqəsi yaratmağa çalışsa da, bu cəhdlər nəticəsiz qalıb.
Bundan sonra Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vladimir Alekseyev Priqojinlə danışıqlar aparmaq üçün onun yanına göndərilib.
Yeliseyev bildirib ki, tərəflər arasında birbaşa təmasın qurulması qiyamın daha da genişlənməsinin qarşısını almaq məqsədi daşıyırdı. Onun sözlərinə görə, Priqojin hadisələri hakimiyyətə qarşı çevriliş cəhdi deyil, Müdafiə Nazirliyinin rəhbərliyinə etiraz kimi qiymətləndirirdi.
Xatırladaq ki, 2023-cü ilin iyununda “Vaqner” döyüşçüləri Rostov-na-Donuda hərbi obyektlərə nəzarəti ələ keçirmiş, daha sonra Moskvaya doğru hərəkətə başlamışdı. Bir neçə saat davam edən böhrandan sonra tərəflər arasında əldə olunan razılaşma nəticəsində yürüş dayandırılmışdı.
//Samir Qurbanov, Editor.az

