Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Belarus artıq ölkəsi üçün birbaşa təhlükə mənbəyi hesab edilmir. Onun sözlərinə görə, Minsk Rusiyanın pilotsuz uçuş aparatlarının hədəflərə yönəldilməsində istifadə olunduğu iddia edilən retranslyatorları söndürüb.
Zelenski bildirib ki, iyunun 22-dən etibarən Belarus ərazisində fəaliyyət göstərən və Rusiyanın “Şahed” tipli dron hücumlarına kömək etdiyi deyilən retranslyatorlar fəaliyyətini dayandırıb.
Ukrayna liderinin fikrincə, bu addımdan sonra Belarus artıq Ukrayna üçün əvvəlki səviyyədə təhlükə yaratmır.
Qeyd edək ki, son aylarda Kiyev Belarus ərazisinin Rusiya tərəfindən hərbi məqsədlərlə istifadə oluna biləcəyi ilə bağlı narahatlığını dəfələrlə dilə gətirmişdi. Minsk isə bu ittihamları rədd edərək ölkəsinin münaqişədə birbaşa iştirak etmədiyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

