Alimlər apardıqları genişmiqyaslı araşdırma nəticəsində dünyanın ən sürətli hörümçək növünü müəyyən ediblər.
Editor.az-ın məlumatına görə, tədqiqat göstərib ki, Avstraliyada yaşayan ovçu hörümçək (Heteropoda cervina) saniyədə 3,59 metr sürətlə hərəkət edə bilir.
Araşdırma Almaniyanın Qrayfsvald Universiteti və Böyük Britaniyanın İmperial Kollecinin alimləri tərəfindən həyata keçirilib. Tədqiqatın nəticələri hələlik bioRxiv preprint elmi platformasında dərc olunub.
Mütəxəssislər Avstraliya, Böyük Britaniya, Şimali Amerika və Cənubi Avropadan olan 162 növə aid 236 hörümçəyin maksimal qaçış sürətini ölçüblər. Daha sonra əldə olunan nəticələr əvvəlki tədqiqatlardan toplanmış daha 96 növ üzrə məlumatlarla zənginləşdirilib.
Eksperiment zamanı hər bir hörümçəyin çəkisi ölçülüb, sonra isə onlar xüsusi qaçış zolağında hərəkət etməyə təşviq ediliblər. Yüksək sürətli kameralar vasitəsilə onların maksimal sürəti və hərəkət biomekanikası qeydə alınıb.
Araşdırmanın nəticələrinə görə, Heteropoda cervina saniyədə 3,59 metr sürətə çataraq əvvəlki rekordu iki dəfədən çox üstələyib. Əvvəlki rekord təxminən saniyədə 1,7 metr sürətlə hərəkət edən Mərakeş mənşəli tullanan hörümçəyə məxsus idi.
Alimlər müəyyən ediblər ki, ümumilikdə bədən kütləsi artdıqca qaçış sürəti də yüksəlir. Bununla belə, eyni ölçüdə olan bəzi növlər arasında sürət fərqi on dəfələrlə dəyişə bilir. Xüsusilə uzun ayaqlara malik kiçik hörümçəklərin gözləniləndən xeyli sürətli hərəkət etdiyi müşahidə olunub.
Tədqiqatın maraqlı nəticələrindən biri də cəmi 0,1 milliqram çəkisi olan Oonops pulcher adlı cırtdan hörümçəklə bağlıdır. Tədqiqat müəlliflərinin sözlərinə görə, bu növ ölçülərinə nisbətdə o qədər sürətlə hərəkət edir ki, sanki “teleportasiya” olur.
Mütəxəssislər hesab edirlər ki, hörümçəklərin yüksək sürətlə hərəkət etməsində əsas amil ayaqların uzunluğu hesab olunur. Ayaqların qalınlığının isə qaçış sürətinə ciddi təsir göstərmədiyi müəyyən edilib.
//Gülnarə Abasova, Editor.az

