Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə, Vladimir Putinlə mümkün görüş və Rusiyanın son raket-zərbə hücumları barədə diqqətçəkən açıqlamalar verib.
Musavat.com xəbər verir ki, hücuma məruz qalmış Kiyevdə jurnalistlərin suallarını cavablandıran Zelenski Ukraynanın Rusiya ilə birbaşa dialoqdan yayınmadığını bildirib.
Prezident “Putinlə görüşə hazırsınızmı?” sualına belə cavab verib:
“Biz açığıq, biz görüşməyə hazırıq. O isə fiziki olaraq görüşməkdən qorxur”.
Zelenski bununla Kremlin danışıqlardan yayınan tərəf olduğunu nümayiş etdirməyə çalışıb.
Ukrayna lideri Putinin Krımla bağlı tez-tez səsləndirdiyi fikirləri də sərt tənqid edib. Onun sözlərinə görə, Rusiya prezidentinin Krımı yaxşı tanıdığı və bu yarımadaya xüsusi bağlılığı olduğu barədə dedikləri həqiqəti əks etdirmir.
“Onun Krımı tanıdığı, sevdiyi və ona ehtiyacı olduğu barədə bütün danışdıqları yalandır. Dövlətimizin şərqini də o yalnız zabitlərinin məruzələrindən tanıyır”.
Zelenski bildirib ki, Putini müharibəni dayandırmağa məcbur edə biləcək əsas amil Krım deyil, Rusiyanın özünün təhlükəsizliyi və Moskvanın özünü təhlükə altında hiss etməsidir.
Prezident Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi son genişmiqyaslı hücumlara da toxunub. Jurnalistlərin “Ukrayna bugünkü hücuma cavab verəcəkmi?” sualına o, qısa cavab verib: “Mütləq”.
Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları yalnız seçilmiş hərbi və iqtisadi hədəflərə zərbələr endirir. Bu zərbələr əsasən Rusiyanın neft emalı zavodlarını, enerji infrastrukturunu və liman-logistika obyektlərini hədəfə alır. Onun fikrincə, məhz həmin obyektlər Rusiyanın müharibəni maliyyələşdirməsinə imkan yaradır.
Ukrayna prezidenti əlavə edib ki, Rusiyanın yaşayış məntəqələrinə endirdiyi raket və pilotsuz aparat zərbələrinin əsas məqsədi hərbi nəticə əldə etmək deyil, Ukrayna cəmiyyətini qorxutmaq, əhalini ruhdan salmaq və ölkə daxilində parçalanma yaratmaqdır.
Zelenskinin ardıcıl sərt bəyanatları fonunda Kiyevin həm diplomatik kanalları açıq saxladığı, həm də Rusiya ərazisindəki hərbi və iqtisadi infrastruktura qarşı əməliyyatları davam etdirmək niyyətində olduğu bir daha nümayiş etdirilib.

