Davranış problemi olan şagirdlərlə bağlı mövzu son vaxtlar tez-tez gündəmə gəlir. Hər hansı hadisə baş verən kimi, bu məsələ yenidən müzakirə olunur. Məktəblərdə aqressiv davranış, dərsi pozmaq, müəllimə və sinif yoldaşlarına hörmətsizlik kimi hallar həm valideynləri, həm də təhsil ictimaiyyətini ciddi şəkildə narahat edir. Qanunvericiliyə uşaq hüquqları ilə bağlı dəyişikliklər, uşaqlara qarşı aqressiv davranışlar və cəza metodlarına qarşı cəzaların nəzərdə tutulması barədə müddəaların əlavə olunması da geniş diskussiyalara səbəb olub.
Deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu, aktual mövzu ilə bağlı Müsavat.com-a açıqlama verib. “Bir çox valideyn düşünür ki, belə uşaqları vaxtında müəyyən etmək çox vacibdir. Çünki problem nə qədər tez aşkar olunsa, onunla işləmək də bir o qədər asan olar. Bəziləri bu uşaqlar üçün xüsusi məktəblərin yaradılmasını təklif edir, digərləri isə hesab edir ki, adi məktəblərdə ayrıca siniflər olsa, daha yaxşı nəticə verər. Amma bir məsələ aydındır: bu uşaqlara sadəcə cəza verməklə problem həll olunmur. Çox vaxt bu davranışların arxasında ailə problemləri, psixoloji gərginlik, diqqət çatışmazlığı və ya uşağın böyüdüyü mühit dayanır. Yəni burada söhbət təkcə intizamdan getmir, məsələ daha dərindir”.
Deputat qeyd edib ki, son illərdə məktəblərdə uşaqların hüquqlarının qorunması da daha çox diqqət mərkəzinə gəlib: “Artıq uşağa əl qaldırmaq yox, hətta onu təhqir etmək, alçaltmaq və ya sinif qarşısında utandırmaq da qadağandır. Məqsəd odur ki, məktəb uşaq üçün təhlükəsiz yer olsun. Qanunvericilikdə də bu mövzuda dəyişikliklər edilib. İndi həm müəllimlər, həm də valideynlər müəyyən məsuliyyət daşıyır. Amma cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Bəziləri deyir ki, müəllim heç bir halda sərt davranmamalıdır. Xüsusilə psixoloji təzyiqin uşağa ciddi zərər verdiyi düşünülür. Digərləri isə hesab edir ki, intizamı qorumaq üçün müəllimin müəyyən təsir imkanları olmalıdır”.
C.Məmmədovun fikrincə, əslində isə əsas məsələ ortaq nöqtəni tapmaqdır: “Həm uşağın hüquqları qorunmalıdır, həm də müəllim dərsini normal şəkildə keçə bilməlidir. Şagird yaxşı davranışa görə həvəsləndirilməli, səhv edəndə isə zorakılıq olmadan, daha çox izah və tərbiyə yolu ilə yönləndirilməlidir. Dünya təcrübəsinə baxanda görürük ki, bir çox ölkələr bu sahədə artıq sistemli işləyir. Məsələn, bəzi ölkələrdə uşaqda problem hiss olunan kimi müəllim, psixoloq və sosial işçi birlikdə işə başlayır. Məqsəd problemi böyümədən həll etməkdir. Bəzi yerlərdə xüsusi siniflər və ya məktəblər var. Amma məqsəd uşağı ayırmaq deyil, onu sonradan yenidən ümumi mühitə qaytarmaqdır. Başqa modellərdə isə uşaq həm adi sinifdə oxuyur, həm də əlavə dəstək proqramlarına qatılır”.
Deputat qeyd edib ki, bizdə də bu istiqamətdə addımlar atmaq olar: “Məsələn, əvvəlcə böyük şəhərlərdə pilot layihələr başlamaq mümkündür. Məktəblərdə psixoloji dəstək xidmətlərini gücləndirmək, ayrıca siniflər və ya proqramlar yaratmaq olar. Bunun üçün yeni məktəblər tikmək mütləq deyil. Müəllimlərin də bu sahədə hazırlığı çox vacibdir. Çünki davranış problemi ilə işləmək xüsusi yanaşma tələb edir. Eyni zamanda valideynlər də bu prosesdə aktiv olmalıdır. Məktəblə əməkdaşlıq etmədən nəticə əldə etmək çətin olur. Bir məsələni də nəzərə almaq lazımdır: belə uşaqları hamısını bir yerə toplamaq həmişə yaxşı nəticə vermir. Əgər düzgün idarə olunmasa, onlar bir-birinə mənfi təsir göstərə bilər. Ona görə hər uşaq üçün fərdi yanaşma daha effektivdir. Valideynlərlə ayrıca işləmək, psixoloji dəstək proqramları, fərdi və qrup məşğələləri də bu sahədə yaxşı nəticə verə bilər”.
Sonda C.Məmmədov fikirlərini bu şəkildə ümumiləşdirib: “Çıxış yolu nə sərt cəzalardadır, nə də tam sərbəstlikdə. Ən düzgün yanaşma balansdır. Yəni həm qayda olmalıdır, həm də uşaq anlayış və dəstək görməlidir. Məktəb uşağın qorxduğu yer yox, özünü rahat hiss etdiyi və inkişaf etdiyi mühit olmalıdır. Davranış problemi olan uşaqlarla bağlı yeni yanaşmalar artıq bir seçim yox, zərurətə çevrilib. Məqsəd uşağı cəzalandırmaq deyil, onu düzgün istiqamətləndirib gələcəkdə cəmiyyət üçün faydalı fərd kimi yetişdirməkdir”.


