Fransada 150-dən çox supermarketə kiberhücum: Milyonlarla avroluq zərərbackend

Fransada 150-dən çox supermarketə kiberhücum: Milyonlarla avroluq zərər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada 150-dən çox supermarketin soyutma sistemləri kiberhücumun hədəfinə çevrilib. Hakerlərin sistemlərə uzaqdan müdaxilə edərək soyuducuların temperaturunu dəyişdirməsi nəticəsində çoxlu sayda təzə və dondurulmuş ərzaq məhsulu yararsız hala düşüb. Hadisənin ölkə üzrə milyonlarla avro zərərə səbəb ola biləcəyi bildirilir.

Editor.az-ın Trt Haber-dən aldığı məlumata görə, bəzi mağazalarda soyutma avadanlıqlarının temperatur göstəriciləri uzaqdan dəyişdirilib və nəticədə məhsulların saxlanma şəraiti pozulub.

Cooperative U qrupunun rəhbəri Dominik Şelşer sosial şəbəkədəki paylaşımında hadisəni təsdiqləyib. O, ötən gecədən etibarən şəbəkəyə daxil olan bir sıra mağazaların soyutma sistemlərinə kiberhücum edildiyini açıqlayıb.

Bəzi soyuducularda temperatur 50 dərəcəyə yüksəlib

BFMTV-nin məlumatına əsasən, hakerlər soyutma qurğularını qorumaq üçün nəzərdə tutulan sistemə müdaxilə edərək onun iş prinsipini dəyişdiriblər. Nəticədə avadanlıqlarda məcburi buzəritmə prosesi davamlı şəkildə işə salınıb.

Bəzi soyuducularda temperaturun 50 dərəcəyə qədər yüksəldiyi bildirilir. Bu isə ərzaq ehtiyatlarının böyük hissəsinin korlanması ilə nəticələnib.

İki supermarketə 270 min avro zərər dəyib

Hadisə nəticəsində təkcə Elzas bölgəsində yerləşən iki Intermarché və Super U supermarketinə ümumilikdə 270 min avro məbləğində zərər dəydiyi qeyd olunur.

Ölkə üzrə dəymiş ziyanın isə milyonlarla avroya çata biləcəyi ehtimal edilir. Kiberhücumun bütün miqyası və nəticələri ilə bağlı əlavə məlumat verilməyib.

\\ Aydan Bünyatova, Editor.az