Azərbaycanəsilli rusiyalı reper Navai Qazaxıstanda narkotik qaçaqmalçılığı ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Sənətçi təqsirli olmadığını bildirib. Onun barəsində iki aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.
Editor.az-ın məlumatına görə, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.
Məlumata əsasən, reperin əsl adı Nəvai Bəhmən oğlu Bəkirovdur. O, oktyabrın 14-də Qırğızıstandan Qazaxıstana daxil olarkən saxlanılıb. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobildə narkotik vasitə aşkarlayıblar. Həmin vaxt avtomobildə sürücü də daxil olmaqla dörd nəfər olub.
Yayılan məlumatlarda narkotik vasitələrin xidməti itin köməyi ilə aşkarlandığı qeyd edilir. Navai dindirmə zamanı qadağan olunmuş maddələri Bişkekdə aldığını bildirib. Bununla belə, reperin ittihamlarla bağlı günahını qəbul etmədiyi vurğulanır.
“SHOT” kanalının məlumatına görə, avtomobildə olan digər iki nəfər də reperlə birlikdə saxlanılsa da, sonradan sərbəst buraxılıblar.
Məlumatlarda həmçinin bildirilir ki, Navai saxlanılan zaman “Mercedes-Benz” markalı avtomobili idarə edib. Onun narkotik sərxoşluğu vəziyyətində avtomobil idarə etməsi ilə bağlı da məsuliyyət məsələsi gündəmə gəlib. Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi üzrə pozuntu təsdiqlənərsə, sürücülük hüququndan yeddi il müddətinə məhrumetmə və 15 sutkayadək inzibati həbs nəzərdə tutula bilər.
Navainin konsertləri ləğv edildi
Reperin saxlanılması onun planlaşdırılan konsertlərinə də təsir edib.
Oktyabrın 14-də Astanada keçirilməsi nəzərdə tutulan solo konsert tədbirə cəmi dörd saat qalmış ləğv olunub. Bilet satışını həyata keçirən operator qərarın texniki səbəblərlə əlaqədar verildiyini açıqlayıb. Tamaşaçılara biletlərin pulunu geri almaq imkanı yaradılıb.
Bundan başqa, oktyabrın 16-da Moldovada keçirilməsi planlaşdırılan konsertin də dekabrın 8-nə təxirə salındığı bildirilir.
Qeyd edək ki, yayılan məlumatlar reperin saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlıdır. Cinayət işi üzrə yekun məhkəmə qərarı barədə məlumat təqdim edilməyib.

