Trampın İran planı üzə çıxdı: ABŞ ən güclü qeyri-nüvə bombasını işə sala bilərbackend

Trampın İran planı üzə çıxdı: ABŞ ən güclü qeyri-nüvə bombasını işə sala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası İran ərazisinə mümkün yeni hücumlar zamanı nəhəng dağıdıcı gücə malik MOAB bombasından istifadə variantını nəzərdən keçirir. Qeyri-rəsmi olaraq “bütün bombaların anası” adlandırılan GBU-43/B bombası ilə bağlı planlar Vaşinqton və Tehran arasında gərginliyin daha da artması ehtimalını gündəmə gətirib.

Editor.az xəbər verir ki, CNN telekanalı bu barədə məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların yenidən başlanmasına göstəriş verəcəyi təqdirdə İranın enerji infrastrukturu və nüvə obyektləri potensial hədəflər sırasına daxil edilə bilər.

Çəkisi 9,5 tondan çox olan MOAB ABŞ ordusunun arsenalındakı ən güclü qeyri-nüvə bombası hesab olunur. Bununla belə, CNN-in məlumatına görə, silahın tətbiqinin Vaşinqtonun bəyan etdiyi strateji məqsədlərə nə dərəcədə xidmət edəcəyi sual altındadır. Bombadan istifadə ABŞ və İran arasındakı qarşıdurmanın ciddi şəkildə kəskinləşməsinə səbəb ola bilər.

Telekanalın mənbələrindən biri bildirib ki, Tramp hərbçilərə İrana qarşı mümkün əlavə hücumlarla bağlı planların hazırlanmasını tapşırıb. MOAB-dan istifadə ehtimalı nəzərə alınaraq, potensial hədəflər siyahısına çoxsaylı enerji infrastrukturu obyektlərinin də daxil edildiyi iddia olunur.

Digər mənbənin sözlərinə görə, ABŞ hərbi rəhbərliyi İranın nüvə obyektlərinə, o cümlədən Natanz yaxınlığında yerləşən və Kolanq-Qaz-La dağının altında gizlədildiyi iddia edilən obyektə zərbələr endirilməsi variantını da araşdırır.

CNN-ə danışan mənbə hesab edir ki, dərinlikdə yerləşən hədəfləri vurmaq üçün nəzərdə tutulan xüsusi sursatlar olmadan MOAB-dan istifadə daha çox psixoloji təsir yaratmağa xidmət edə bilər.

Məlumata əsasən, ABŞ administrasiyasında İran üzərində qələbə əldə etmək üçün mümkün hərbi ssenarilər də müzakirə olunur. Variantlardan biri genişmiqyaslı quru əməliyyatıdır. Lakin belə bir addımın ABŞ hərbçiləri arasında minlərlə itkiyə səbəb ola biləcəyi ehtimalı narahatlıq doğurur.

Pentaqonun müxtəlif fəaliyyət planlarını nəzərdən keçirdiyi bildirilir. Bununla belə, hazırda administrasiya daxilində quru əməliyyatının keçirilməsində israr edən şəxslərin olmadığı qeyd olunur. Donald Tramp da daha əvvəl ABŞ hərbçilərinin İrana göndərilməsində maraqlı olmadığını açıq şəkildə bildirib.

Qeyd edək ki, CNN-in yaydığı məlumatlar mümkün hərbi planlarla bağlı mənbələrin iddialarına əsaslanır. MOAB bombasının İrana qarşı tətbiq ediləcəyi barədə rəsmi qərarın verildiyi təsdiqlənməyib.