Sumqayıtda bağçada azyaşlı xəsarət aldı: Uşağın qolu sındıbackend

Sumqayıtda bağçada azyaşlı xəsarət aldı: Uşağın qolu sındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda fəaliyyət göstərən özəl uşaq bağçasında azyaşlı xəsarət alıb. Hadisə zamanı uşağın qolunun sındığı bildirilir.

Milli.Az xəbər verir ki, hadisənin Sumqayıt şəhərində yerləşən “Laləli” körpələr evi-uşaq bağçasında baş verdiyi qeyd olunur.

Uşağın atası Yaqub Yasinovun iddiasına görə, oktyabrın 9-da, saat 17:00 radələrində övladı bağçanın ərazisindəki sürüşkəndən yıxılıb. Valideyn hadisənin tərbiyəçinin diqqətsizliyi və uşağa lazımi nəzarətin göstərilməməsi səbəbindən baş verdiyini bildirir. Onun sözlərinə əsasən, azyaşlının sol qolunda iki yerdən sınıq aşkarlanıb.

Yaqub Yasinov həmçinin iddia edir ki, hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilməyib, təcili tibbi yardım çağırılmayıb və baş verənlər barədə ailəyə vaxtında məlumat verilməyib.

Bağça rəhbərliyindən isə fərqli açıqlama verilib. Bildirilib ki, hadisə baş verən kimi uşağın valideyninə məlumat çatdırılıb. Atanın həmin vaxt uzaqda olduğu və övladını götürməyə bibisinin gələcəyini söylədiyi qeyd edilib.

Məsələ ilə bağlı azyaşlının atası Daxili İşlər Nazirliyinə müraciət edib.

Hadisənin hansı şəraitdə baş verdiyinin müəyyənləşdirilməsi, eləcə də tərəflərin bir-birinə zidd iddialarına hüquqi qiymət verilməsi müvafiq araşdırmanın nəticələrindən asılı olacaq.