Türkiyədə yerləşən qədim Troya şəhərində aparılan arxeoloji qazıntılar zamanı tarixə işıq tutan iki maraqlı tapıntı aşkarlanıb. Təxminən 2 800 il yaşı olan sümükdən hazırlanmış fleyta və 4 500 illik insan fiqurlu büt başı alimlərin diqqətini cəlb edib.
Editor.az-ın Euronews-a istinadən aldığı məlumata görə, sümük fleyta Troya ərazisində 160 ildən artıqdır davam edən qazıntılar tarixində aşkarlanan ilk musiqi alətidir. Digər tapıntının isə Tunc dövrünün əvvəllərində bölgədə mövcud olmuş mədəni əlaqələrin öyrənilməsinə kömək edəcəyi gözlənilir.
Əsərlər Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin “Gələcəyə miras” layihəsi çərçivəsində 2026-cı ildə aparılan qazıntılar zamanı üzə çıxarılıb.
Troya sakinləri 2 800 il əvvəl hansı musiqini dinləyirdilər?
Arxeoloqların tapdığı sümük fleyta təxminən eramızdan əvvəl 750–480-ci illərə aid edilir. Bu dövrdə musiqi dini mərasimlərdə, ictimai tədbirlərdə və gündəlik həyatda mühüm yer tuturdu.
Alətin bir hissəsinin qorunub saxlanması onun quruluşunu və necə istifadə edildiyini araşdırmaq üçün imkan yaradır. Üzvi materiallardan hazırlanan musiqi alətlərinin minilliklər ərzində salamat qalması çətin olduğundan, bu tapıntı xüsusi əhəmiyyət daşıyır.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da kəşf barədə məlumat verərək fleytanın qədim Troyada musiqi mədəniyyətinin mövcudluğunu təsdiqləyən birbaşa arxeoloji sübut olduğunu bildirib.
4 500 illik insan fiqurlu tapıntı nəyi üzə çıxara bilər?
Qazıntılar zamanı Troya II şəhər qatının giriş qapısı yaxınlığında insan formasında hazırlanmış büt başı da tapılıb. Təxminən eramızdan əvvəl 2500-cü ilə aid edilən bu əsər erkən Tunc dövrünə aiddir.
Qərbi Anadoluda oxşar fiqurlara tez-tez rast gəlinsə də, belə tapıntılar qədim insanların inancları, sənət ənənələri və digər bölgələrlə əlaqələri haqqında yeni məlumatlar əldə etməyə imkan verir.
Alimlər yeni tapıntının da Troya sakinlərinin həyat tərzinin və mədəni dünyasının daha yaxşı anlaşılmasına töhfə verəcəyini düşünürlər.
Troya tarixinin yeni səhifəsi
Minilliklər ərzində müxtəlif dövrlərdə yenidən qurulan Troya Anadolu ilə Egey dünyası arasındakı əlaqələrin öyrənilməsi baxımından mühüm arxeoloji mərkəzdir. Burada eramızdan əvvəl III minilliyin əvvəllərindən eramızın XIII əsrinə qədər uzanan yaşayış izləri aşkarlanıb.
Yeni tapıntılar qədim şəhərin tarixinin yalnız Troya müharibəsi və Homerin dastanları ilə məhdudlaşmadığını, burada yaşayan insanların musiqisi, inancları və gündəlik həyatı barədə də mühüm məlumatlar əldə edilə biləcəyini göstərir.
\\ Aydan Bünyatova, Editor.az

