Azərbaycanda məktəblərdə mobil telefonlardan istifadənin məhdudlaşdırılması şagirdlərin dərsə diqqətinin artırılması və tədris prosesinin daha səmərəli təşkili baxımından müzakirə olunan məsələlərdəndir. Rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir şəraitdə bu vasitələrin təhsil mühitində hansı qaydalarla istifadə edilməli olduğu xüsusi əhəmiyyət daşıyır. Xüsusilə dərs zamanı telefonların şagirdlərin diqqətini yayındırması, sosial şəbəkələrə və mobil oyunlara marağın tədrisə mane olması belə məhdudiyyətlərin zəruriliyi ilə bağlı müzakirələri aktuallaşdırır. Bəs mobil telefonlardan istifadənin məhdudlaşdırılması təhsilin keyfiyyətinə necə təsir göstərə bilər?
Təhsil eksperti Elçin Əfəndi Editor.az-a açıqlamasında bildirib ki, təhsil müəssisələrində şagirdlərin mobil telefonlardan istifadəsi məhdudlaşdırılıb və bu, onun fikrincə, düzgün qərardır.
“Çünki onlar tədris prosesinə başlayanda telefonları təhvil verirlər, yalnız proses başa çatdıqdan sonra istifadə etdikləri mobil telefonları və ya ağıllı saatları, texnoloji alətləri təhvil götürərək təhsil müəssisəsini tərk edirlər. Dərsin gedişatında ağıllı telefonlardan və ya texnoloji alətlərdən istifadə düzgün deyil, çünki biz bunu tətbiq etdiyimiz zaman şagirdlərin müvafiq olaraq dərsdən yayınma hallarını müşahidə edirik. Onlar müvafiq sosial platformalarda vaxt keçirirlər və ya mobil oyunlar oynayırlar və tədris prosesindən kənarda qalırlar. Amma aldığımız bu qərar, təbii ki, təhsilin keyfiyyətinə müsbət mənada təsir göstərəcək. O baxımdan ki, şagirdlər müvafiq olaraq təhsil prosesində yalnız təhsilə yönəlirlər, o da təhsilin keyfiyyətinə müsbət mənada təsir göstərəcək”.
//Gülnarə Abasova, Editor.az

