Fransada böhran dərinləşir: İfrat sağ hakimiyyətə yaxınlaşır?backend

Fransada böhran dərinləşir: İfrat sağ hakimiyyətə yaxınlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada baş verən kütləvi etirazlar və iğtişaşlar Avropada uzun müddətdir müşahidə olunan sosial-iqtisadi gərginliyin və siyasi qütbləşmənin növbəti təzahürü kimi qiymətləndirilə bilər. Əhalinin həyat səviyyəsi, dövlət siyasətindən narazılıq və miqrasiya ilə bağlı problemlər cəmiyyətdəki narazılıqları daha da dərinləşdirir. Bu proseslərin fonunda Fransada siyasi qüvvələr arasındakı rəqabətin kəskinləşməsi, hakimiyyətə inamın zəifləməsi və ifrat sağçı qüvvələrin mövqelərini gücləndirmək imkanlarının artması diqqət çəkir. Mövcud vəziyyət yalnız Fransanın daxili siyasi sabitliyi baxımından deyil, bütövlükdə Avropanın gələcək siyasi mənzərəsi və qitədəki geosiyasi proseslər kontekstində də əhəmiyyət daşıyır.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Fransa inqilablar ölkəsidir və bu ölkədə cərəyan edən hadisələr tarixən Avropanın digər bölgələrində də siyasi təlatümlərə səbəb ola bilir:

“1789-cu ildə Bastiliya qalasının alınması ilə başlayan iğtişaşlar daha sonra Fransa kralı və kraliçasının gilyotinada edamı ilə nəticələndi. Beləliklə də, Avropa uzun bir dövr inqilablar, iğtişaşlar və müharibələr mərhələsinə daxil oldu.

Günümüz Avropasının xeyli müddətdir dərin bir böhran içində olduğu, əhalinin sosial durumunun, iqtisadi göstəricilərin aşağı səviyyədə olduğu, mənəvi-əxlaqi dəyərlərin yox sayıldığı, xüsusilə gənclərin təhsil və yaşam hüquqlarının kobud surətdə pozulması, ciddi miqrasiya probleminin mövcudluğu heç kimə sirr deyil.

Hadisələrin normal etiraz platformasından çıxaraq iğtişaşlara, talan və itaətsizliyə çevrilməsi hadisələrin arxasında müəyyən qüvvələrin olduğuna dair də şübhələr yaradır. Məlumdur ki, 2027-ci ilin yazında Fransada prezident seçkiləri keçiriləcək. Hazırkı prezident E. Makron konstitusiyanın iki dəfədən artıq prezident seçilmək qadağasına uyğun olaraq bu seçkilərdə namizəd olmayacaq. Deməli, prezidentlik yarışında iki əsas namizədin mübarizə aparacağı məlum olur. Bunlardan biri ultrasağ qüvvələrin lideri Marin Le Pen, digəri ultrasol qüvvələrin lideri olan Jan-Lyuk Melanşondur. Maraqlıdır ki, Fransanın Paris başda olmaqla Lion, Marsel, Lill kimi böyük şəhərlərində baş verən iğtişaşlardan sonra hər iki siyasətçinin reytinq sorğularında səsləri nəzərəçarpacaq dərəcədə artır.

Maraqlı odur ki, Fransada başlayan iğtişaş və talanların Avropanın digər ölkələrinə yayılacağı ehtimalları da dilə gətirilir. Dünyanın müxtəlif bölgələrində, xüsusilə Ukraynada davam edən hadisələrin Avropada sosial-siyasi təlatümlər, kataklizmlər yaradacağı gözlənilən idi, necə ki, bu baş verdi. Hadisələrin bundan sonrakı inkişafının dramatik olacağı qaçılmazdır”.

//Gülnarə Abasova, Editor.az