Rusiyanın Ukraynanın qərb bölgələrinə endirdiyi hava zərbələri Polşada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub. Ölkədə hava həyəcanı elan edilib, iki hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.
Editor.az-ın “Polsat News”a istinadən məlumatına görə, oktyabrın 20-də səhər saatlarında Lyublin və Podkarpatsk əyalətlərinin sakinlərinə təhlükə barədə xəbərdarlıq mesajları göndərilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində Lyublin və Jeşuv hava limanları fəaliyyətini dayandırıb. Polşa hərbi aviasiyası da havaya qaldırılıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məsələ ilə bağlı “X” sosial şəbəkəsində açıqlama yayıb. Bildirilib ki, Rusiyanın Ukraynanın qərbindəki hədəflərə təkrar hava zərbələri endirməsi səbəbindən hərbi təyyarələr və hava hücumundan müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Rəsmi açıqlamaya əsasən, görülən tədbirlər qabaqlayıcı xarakter daşıyır. Əsas məqsəd mümkün təhlükələrin qarşısını almaq və Polşanın hava məkanının təhlükəsizliyini təmin etməkdir.

