Lerik rayonunun dağlıq ərazisində gecə saatlarında qanunsuz qızıl axtaran şəxslərlə bağlı polis əməliyyatı faciə ilə nəticələnib. Hadisə oktyabrın 20-də baş verib.
Editor.az-ın Oxu.Az-a istinadən məlumatına görə, ərazidə icazəsiz qazıntı işləri apararaq qızıl axtaran üç nəfər polis əməkdaşları tərəfindən aşkarlanıb.
Polis onları saxlamağa çalışarkən həmin şəxslər müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd ediblər. Qaçanlardan R. Səfərov qayalıqdan dərəyə düşüb. Aldığı xəsarətlər nəticəsində onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı digər şəxslərdən E. Kərimov saxlanılıb. Üçüncü iştirakçının şəxsiyyətinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Əraziyə baxış zamanı qazıntı üçün istifadə olunan deşici alətlər, eləcə də dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək götürülüb.
Hadisə ilə bağlı məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu tərəfindən təsdiqlənib.


