Rusiyada hərbi xərclərin artması və büdcə kəsirinin dərinləşməsi fonunda hökumətin yüksək vəzifələrində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib. Yeni təyinatlar nəticəsində Maliyyə Nazirliyindən gələn məmurların hökumətdə mövqeləri güclənib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Vladimir Putin hökumətdə bir sıra yüksək vəzifəli şəxslərin dəyişdirilməsi haqqında fərmanlar imzalayıb.
Ən diqqətçəkən qərarlardan biri maliyyə naziri Anton Siluanovun baş nazirin müavini təyin edilməsidir. Siluanov eyni zamanda maliyyə naziri vəzifəsini də qoruyub. Beləliklə, o, həm dövlət maliyyəsinin idarə olunmasında, həm də hökumətin ümumi qərarlarının qəbulunda daha geniş səlahiyyətlər əldə edib. Baş nazirin müavini və hökumət aparatının rəhbəri Dmitri Qriqorenko isə vəzifəsindən azad olunub. Rusiya mediasının məlumatına görə, onun “Sber”ə keçərək süni intellekt texnologiyalarının tətbiqi və dövlət sektorunun rəqəmsallaşdırılması ilə məşğul olacağı gözlənilir.
Qriqorenkonun yerinə maliyyə nazirinin birinci müavini İrina Okladnikova təyin edilib. Okladnikovanın uzun müddət Siluanovun rəhbərliyi altında çalışması hökumət aparatında Maliyyə Nazirliyinin təsirinin daha da artması kimi qiymətləndirilir.
Digər mühüm dəyişiklik baş nazirin müavini və prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnevlə bağlıdır. O, hər iki vəzifədən azad edilərək prezidentin hərbi-vətənpərvərlik tərbiyəsi məsələləri üzrə köməkçisi təyin olunub. Trutnevin əvvəlki vəzifələrini Primorsk diyarının keçmiş qubernatoru Oleq Kojemyako tutub.
Nəqliyyat sektorunda da rəhbərlik dəyişib. Nəqliyyat naziri Andrey Nikitin baş nazirin müavini təyin edilib. Nazirliyə isə Federal Hava Nəqliyyatı Agentliyinin – Rosaviasiyanın rəhbəri Dmitri Yadrov gətirilib. Müşahidəçilərin fikrincə, bu dəyişikliklərin əsas siyasi-iqtisadi mənası Maliyyə Nazirliyinin hökumət daxilində nüfuzunun artmasıdır. Rusiyanın Ukraynaya qarşı müharibəyə ayırdığı vəsaitlərin çoxalması, büdcə kəsiri və bəzi mülki xərclərin azaldılması dövlət maliyyəsinin idarə olunmasını daha həssas məsələyə çevirib.
Xüsusilə İrina Okladnikovanın hökumət aparatının rəhbərliyinə gətirilməsi baş nazir Mixail Mişustinin təsir imkanlarının zəifləməsi ehtimalını gündəmə gətirib. Çünki yeni aparat rəhbəri Siluanova yaxın məmur hesab olunur. Beləliklə, Kremldəki son kadr dəyişiklikləri yalnız ayrı-ayrı vəzifəli şəxslərin yerdəyişməsi ilə məhdudlaşmır. Müharibənin dövlət büdcəsinə yaratdığı təzyiq fonunda maliyyə blokunun hökumət daxilində daha güclü mövqe qazanması Rusiyanın iqtisadi idarəçiliyində yeni güc balansının formalaşdığına işarə edir.
Musavat.com

