Gürcüstanda “Asaval-Dasavali” qəzetinin jurnalisti Domenti (Dito) Çubinidze vətənə xəyanətdə ittiham olunaraq həbs edilib. İttihamın Azərbaycan-Gürcüstan sərhədində yerləşən David Qareci monastır kompleksi ilə bağlı yayılan məlumatlarla əlaqəli olduğu bildirilir.
Editor.az-ın “Qafqazinfo”ya istinadən yaydığı məlumata görə, bu barədə Gürcüstanın Baş Prokurorluğu açıqlama verib.
Qurumun nümayəndəsi Beka Kvitsiani bildirib ki, Çubinidze ilin əvvəlindən etibarən mətbuatda və sosial şəbəkələrdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin monastır kompleksinin bir hissəsini gizli şəkildə Azərbaycana verməsi barədə məlumatlar yayıb.
Prokurorluq həmin məlumatları dezinformasiya kimi qiymətləndirib. İstintaqın qənaətinə görə, bu iddialar dövlətlərarası demarkasiya və delimitasiya komissiyasının fəaliyyətinə mane olub. Jurnalistə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb. O, ittiham üzrə dörd ilədək həbs cəzası ala bilər.
Qeyd edək ki, David Qareci qədim monastır kompleksi Azərbaycan-Gürcüstan sərhədinin yaxınlığında yerləşir. Kompleksin ayrı-ayrı hissələrinin hər iki ölkənin ərazisində olması bu məkanı sərhədin delimitasiyası ilə bağlı həssas məsələlərdən birinə çevirib.

