Yaxın Şərqdə təhlükəsizlik mühitinin getdikcə mürəkkəbləşməsi və regional aktorlar arasında qarşıdurmaların genişlənməsi dövlətlərarası münasibətlərə, eləcə də mövcud güc balansına təsir edən əsas amillərdəndir. Strateji əhəmiyyətli infrastruktur obyektlərinin hədəfə alınması təkcə ayrı-ayrı ölkələrin təhlükəsizliyi baxımından deyil, həm də regional əməkdaşlıq mexanizmlərinin gələcəyi və beynəlxalq güclərin mövqeləri baxımından mühüm nəticələr doğura bilər. Bu kontekstdə Ər-Riyadda hava limanına endirilən zərbənin mümkün geosiyasi nəticələri, Səudiyyə Ərəbistanının cavab strategiyası və region ölkələrinin təhlükəsizlik əməkdaşlığının hansı istiqamətdə inkişaf edəcəyi xüsusi diqqət çəkir.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqin mürəkkəb və ziddiyyətli dini-etnik strukturu bu bölgədə yüz illərdir davam edən münaqişə və müharibələrin əsas amillərindən biridir:
“Xüsusilə İran tərəfindən dəstəklənən şiə qruplarla sünni ərəb dövlətləri arasında baş verən qarşıdurmalar maraqlı dövlətlərin də prosesə cəlb olunması ilə daha da mürəkkəb xarakter alır. Son həftələrdə Yəmənin əhəmiyyətli hissəsinə nəzarət edən husilərin Səudiyyə Ərəbistanının strateji obyektlərinə endirdikləri zərbələr, eləcə də Qırmızı dənizə giriş-çıxış baxımından mühüm əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazını nəzarətə götürmələri bu qarşıdurmanın miqyasının və mövcud formatının ciddi şəkildə dəyişə biləcəyini deməyə əsas verir.
Səudiyyə Ərəbistanı başda olmaqla, ərəb Körfəzi ölkələri neftlə zəngin olsalar da, müdafiə sənayesi və hərbi təşkilatlanma baxımından geri qalan dövlətlər sırasındadırlar. Silah-sursat alışına milyardlarla dollar xərcləsələr də, bu silahlardan effektiv istifadə etmək imkanlarından məhrumdurlar. Məhz bu zərurət Türkiyə və Pakistanın da prosesə cəlb olunması ilə nəticələnən “Məkkə Müdafiə İttifaqı”nın meydana çıxmasına səbəb olub.
Yaxın zamanda bu ittifaqın münaqişəyə hansı formada müdaxilə edəcəyini görəcəyik. Husilərin hava zərbələrini strateji obyektlərdən sonra hansı istiqamətə yönəldəcəyi maraq doğurur. Unutmaq olmaz ki, müsəlmanların iki müqəddəs şəhəri — Məkkə və Mədinə bu ölkədə yerləşir. Buradakı müqəddəs məkanlar ittifaq tərəfindən nəyin bahasına olursa-olsun qorunacaq”.
//Gülnarə Abasova, Editor.az

