Azərbaycanın cüdo üzrə milli komandası Bakı-2026 dünya çempionatında uğurlu çıxışı ilə diqqət çəkib. Yığma fərdi yarışlarda bir qızıl, iki gümüş və dörd bürünc medal əldə edərək ümumilikdə yeddi mükafata sahib olub.
Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, milli komanda yeddi çəki dərəcəsinin beşində medal qazanıb. Rəsullu bildirib ki, əsas hədəflərdən biri bütün çəki dərəcələri üzrə rəqabətədavamlı və geniş heyət formalaşdırmaq olub. Çempionatın nəticələri bu istiqamətdə mühüm irəliləyiş əldə edildiyini göstərib.
Federasiya rəsmisi vurğulayıb ki, komanda əldə olunan uğurlarla kifayətlənmək niyyətində deyil. Qarşıdakı dövrdə əsas diqqət iki il sonra Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlığa yönəldiləcək.
Rəsullu qadın cüdoçuların çıxışına da toxunaraq bu sahədə inkişafın müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, qadınlardan ibarət komandanın gücləndirilməsi üçün ölkədə cüdo ilə məşğul olan qızların sayının artırılması istiqamətində işlər davam etdiriləcək.
Federasiya rəsmisi qeyd edib ki, hazırda qadın komandası həm idmançıların sayı, həm də nəticələrin səviyyəsi baxımından kişi yığmasından geri qalır. Buna baxmayaraq, düzgün inkişaf strategiyası ilə gələcəkdə daha yüksək nəticələr əldə etmək mümkündür.
Azərbaycan millisinin Bakı-2026 dünya çempionatındakı yeddi medallıq nəticəsi komandanın gələcək beynəlxalq yarışlar və Olimpiya Oyunları qarşısında hədəflərini daha da artırıb.

