Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıda keçirilən beynəlxalq toplantıda İsrail Prezidenti İshaq Hersoqun çıxışı zamanı zalı tərk etməsi ilə bağlı görüntülər ətrafında müzakirələr davam edir. Onun zalı tərk edərkən əlini qaldırmasının səbəbi ilə bağlı yeni açıqlama verilib.
Editor.az-ın Axar.az-a istinadən yaydığı məlumata görə, türkiyəli tarixçi və televiziya şərhçisi Əhməd Anapalı hadisə ilə bağlı yayılan iddialara münasibət bildirib.
Anapalı iddia edib ki, Fidanın əlini qaldırması digər ölkələrin nümayəndələrinə zalı tərk etmək üçün işarə verməsi ilə əlaqəli olmayıb. Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri sinxron tərcüməni dinləmək üçün istifadə etdiyi qulaqlığı çıxararkən əlini yuxarı qaldırıb.
Yayılan videoda da Fidanın qulaqlığı çıxarıb masanın üzərinə qoyduğu görünür. Bununla belə, görüntünün özü onun hərəkətinin məqsədini tam təsdiqləmir.
Xatırladaq ki, Hakan Fidan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında İsrail Prezidenti İshaq Hersoqun çıxışı zamanı iclas zalını tərk etmişdi.
Hadisə sosial şəbəkələrdə və mediada müxtəlif şərhlərə səbəb olub. Fidanın əl hərəkətinin digər nümayəndələrə verilmiş işarə olması ilə bağlı iddia isə təqdim olunan açıqlamada təkzib edilir.

