İnarə Vəliyevanın rəhbərlik etdiyi Agentlik şirkətlərə borcunu niyə ödəmir?backend

İnarə Vəliyevanın rəhbərlik etdiyi Agentlik şirkətlərə borcunu niyə ödəmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) təlim proqramı çərçivəsində əməkdaşlıq etdiyi şirkətlərin aylardır ödənişlərini vermir. Bu isə sahibkarların ciddi narazılığına çevrilib. İşlərini yekunlaşdıran 10-dan çox şirkət aylardır ki, ödənişlərini gözləyir.

Bu barədə Bizim.Media-ya ödənişlərini ala bilməyən təlim mərkəzlərindən müraciət olunub.

Bildirdiklərinə görə göstərdikləri xidmət qarşılığında Agentlik onların ödənişlərini səbəbsiz yerə gecikdirir. İddialarına görə sözügedən ödənişlərlə bağlı sənədlər imzalanması üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyevadadır. O, isə məlum olmayan səbəbdən sənədi imzalamır.

Şikayətçi şirkətlərin iddiasına görə Agentlikdə kağızla bağlı bürokratik əngəllər yaradılır. Hansı ki, sənədləşmə Agentlik sədrinin masasının üzərində olsa da, hansısa səbəbdən təsdiqlənmir.

Məsələ ilə bağlı Bizim.Media İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə müraciət edib. Qurum şirkətlərə olan borclarının olduğunu təsdiqləsə də, gecikmənin səbəbini belə izah edib:

“Ödənişlərlə bağlı heç bir bürokratik əngəllər yoxdur. Hazırda ödəniş prosesi üzrə işlər aktiv şəkildə davam edir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müvafiq şöbələri lazımi sənədləri və aktları yoxlayır. Bu yoxlama dəqiqliyi və uyğunluğu təmin etmək üçün nəzərdə tutulmuş standart maliyyə prosedurudur. Qeyd edildiyi kimi, bu prosesə təsir edən əlavə prosedurlar və ya əngəllər yoxdur”.

Kağızdan istifadə ilə bağlı məsələyə gəlincə Agentlikdən qeyd edilib ki, kağızdan istifadəni minimuma endirmək qurum üçün prioritet məsələdir:

“Davamlı olaraq daha çox rəqəmsal həlləri iş axınımıza inteqrasiya etməyə çalışırıq. Bununla belə, bəzi normativ tələblər və tənzimləmələr var ki, kağız sənədlərdən istifadəni və mərhələli addımları zəruri edir. Onu da qeyd edək ki, Technest yarandığı gündən etibarən (2021-ci il,oktyabr) 8 mindən çox şəxsi İKT üzrə təqaüdlü təlimlərə cəlb edib. Əmək bazarına uyğun olan məzunlarımızın 91%-i uğurla işlə təmin olunub. İKT sahəsində istedadların inkişaf etdirilməsi və işçi qüvvəsi ehtiyaclarının qarşılanması missiyası hər zaman bizim üçün prioritetdir. Mövcud proseslər missiyamıza mane olmaq yox, keyfiyyət göstəricilərinin artırılması məqsədilə həyata keçirilir. Biz iştirakçılarımıza yüksək keyfiyyətli təlim və karyera təmin etməyə çalışırıq”, – deyə Agentlikdən bildirilib.

Qeyd edək ki, İRİA təsis etdiyi Technest təqaüd proqramı çərçivəsində ölkədə rəqəmsal texnalogiyaları sahəsində mütəxəsislərin yetişdirilməsi üçün çoxlu sayda təlim mərkəzləriylə tərəfdaşlıq edir. Hansı ki, bu günə kimi bu təqaüd proqramıyla çoxlu sayda vətəndaşlarımız müasir peşə bacarıqlarına yiyələnərək ölkəmizin inkişafına öz töhfəsini vermək üçün çalışır.

Məlumat üçün onu da bildirək ki, yazı dərc olunan müddətə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən şikayətçi şirkətlərə ödəniş edilməyib.