Makronu hakimiyyətdə nə gözləyir? Fransada etirazlar gərginliyi artırırbackend

Makronu hakimiyyətdə nə gözləyir? Fransada etirazlar gərginliyi artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada kütləvi etirazlar və küçələrdə baş verən qarşıdurmalar Prezident Emmanuel Makronun siyasi mövqelərini daha da zəiflədib. Ölkədə artan narazılıq fonunda Fransa liderinin siyasi nüfuzunu qoruyub saxlamaq imkanları müzakirə mövzusuna çevrilib.

Editor.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Böyük Britaniyanın “The Telegraph” nəşri Fransada baş verənləri “makronizmin ölüm qıcolmaları” kimi xarakterizə edib. Qəzet mövcud vəziyyəti Makronun ölkə daxilində təsir imkanlarının azalması ilə əlaqələndirib.

Nəşrin təhlilində bildirilir ki, son etirazlar Fransa prezidentinin siyasi dayaqlarının nə dərəcədə zəiflədiyini bir daha üzə çıxarıb. Məqalədə vurğulanır ki, Makronun 2024-cü ildə növbədənkənar parlament seçkiləri keçirmək qərarı onun siyasi mövqeyinə mənfi təsir göstərən amillərdən biri olub.

Fransada hökumətin üzləşdiyi çətinliklər də diqqət mərkəzindədir. “The Telegraph”ın qiymətləndirməsinə görə, ölkədə siyasi qeyri-sabitlik idarəetmə prosesini mürəkkəbləşdirib. Hətta dövlət büdcəsinin təsdiqi kimi mühüm məsələlərin həlli də hökumət üçün ciddi problemə çevrilib.

Fransada etirazlar qarşıdurmalarla müşayiət olunub

Məlumata görə, oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində yaşayış xərclərinin artmasına etiraz olaraq aksiyalar keçirilib. Nümayişlər zamanı polis və aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Bəzi ərazilərdə mağazalara, ictimai nəqliyyat dayanacaqlarına və avtomobillərə ziyan vurulduğu, yanğınların törədildiyi bildirilir. Asayiş keşikçiləri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan, səs qumbaralarından və su şırnaqlarından istifadə ediblər.

Fransada sosial narazılığın artması və hökumətin qarşılaşdığı siyasi çətinliklər ölkədəki böhranın gələcək inkişafı ilə bağlı suallar yaradıb.