Quraqlıq davam edərsə, İngiltərə Norveçdən su idxal edə bilərbackend

Quraqlıq davam edərsə, İngiltərə Norveçdən su idxal edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə quraqlığın davam etməsi ölkəni Norveçdən içməli su idxal etmək məcburiyyətində qoya bilər. Ölkənin cənub-şərq bölgələrini su ilə təmin edən South East Water şirkəti belə bir ehtimalın fövqəladə vəziyyət planında nəzərdə tutulduğunu açıqlayıb.

Editor.az-ın məlumatına görə, yay aylarında qeydə alınan rekord istilərdən sonra oktyabrın əvvəlində İngiltərənin cənubundakı bir sıra ərazilərdə ən yüksək səviyyəli quraqlıq xəbərdarlığı elan edilib. Yağıntıların azlığı və su ehtiyatlarının azalması bölgədə içməli su təminatı ilə bağlı narahatlıqları artırıb.

South East Water şirkətinin su ehtiyatları üzrə rəhbəri Nik Prays The Sun qəzetinə açıqlamasında Norveçdən su gətirilməsinin quraqlıqla mübarizə planına daxil olduğunu bildirib. Bununla belə, o, belə bir addımın yalnız son çarə kimi nəzərdən keçiriləcəyini vurğulayıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, hazırda xaricdən su idxalı ilə bağlı konkret tədbir görülməsi planlaşdırılmır. South East Water mövcud su ehtiyatlarını qorumaq, şəbəkədəki sızmaları aradan qaldırmaq və su təchizatını optimallaşdırmaq istiqamətində tədbirlər həyata keçirir.

Vəziyyətin ciddiliyini göstərən əsas amillərdən biri İngiltərənin cənub-şərqində yerləşən Ardingly su anbarının doluluq səviyyəsinin cəmi 19 faizə enməsidir. Məlumatlara əsasən, quraqlıq davam edərsə, anbardakı su ehtiyatlarının dörd-altı həftə ərzində kritik həddə düşməsi təhlükəsi yarana bilər.

Fövqəladə vəziyyətin daha da ağırlaşacağı təqdirdə, küçələrdə su paylama məntəqələrinin yaradılması və dəniz suyunun duzsuzlaşdırılaraq içməli suya çevrilməsi kimi alternativ tədbirlər də nəzərdən keçirilə bilər.

İngiltərə indiyədək xaricdən içməli su idxal etməyib. Buna görə də quraqlığın davam etməsi fonunda Norveçdən su gətirilməsi ölkənin su təchizatı sistemində presedenti olmayan addım ola bilər.

//Gülnarə Abasova, Editor.az