Məkkədə məsciddə “əxlaqsız hərəkətlərə” görə iki əcnəbi edam olundu – FOTO, VİDEObackend

Məkkədə məsciddə “əxlaqsız hərəkətlərə” görə iki əcnəbi edam olundu – FOTO, VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının Məkkə şəhərində məsciddə “əxlaqsız hərəkətlərə yol verməkdə” ittiham olunan iki Banqladeş vətəndaşı barəsində ölüm hökmü icra edilib.

Editor.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Məlumata əsasən, edam edilən şəxslər bir kişi və bir qadın olub. Hökm oktyabrın 14-də həyata keçirilib.

Rəsmi açıqlamada bildirilib ki, şübhəlilər saxlanıldıqdan sonra hadisə ilə bağlı araşdırma aparılıb və iş məhkəməyə təqdim olunub. Ölüm hökmü hadisənin ağır cinayət kimi qiymətləndirilməsi, eləcə də müsəlmanların müqəddəs şəhərlərindən biri olan Məkkədə məscidin toxunulmazlığının pozulması ilə əsaslandırılıb.

Məlumata görə, yuxarı instansiya məhkəməsi hökmü təsdiqləyib, daha sonra kral fərmanı imzalanıb və qərar icra olunub.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bəyanatında ölkənin ictimai təhlükəsizliyin qorunmasına və İslam qanunlarının tətbiqinə sadiq olduğunu vurğulayıb.

Bununla belə, rəsmi açıqlamada ittiham olunan şəxslərin konkret hansı hərəkətləri etdikləri barədə məlumat verilməyib. Hadisənin baş verdiyi məscidin adı və iddia olunan əməlin törədildiyi tarix də açıqlanmayıb.

Yerli media edam olunan şəxslərin Nazrul İslam Əbdül Bəsir və Siti Axtər olduğunu yazıb.

Hadisə ilə bağlı Banqladeş tərəfi isə edam qərarından əvvəl məlumatlandırılmadıqlarını bildirib.

Banqladeş Xarici İşlər Nazirliyinin sözçüsü Şama Obayd qeyd edib ki, baş verənlərin təfərrüatlarını öyrənmək üçün Səudiyyə Ərəbistanına rəsmi sorğu göndərilib.

Banqladeşin Ciddədəki konsulluğu da ölkə vətəndaşlarının ölüm hökmünün icrasından əvvəl diplomatik nümayəndəliyə hər hansı məlumat verilmədiyini açıqlayıb.