ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskiy arasında münasibətlərin gərginləşməsi Rusiyada diqqətlə izlənilir.
Editor.az xeber verir ki, Reuters-in məlumatına görə, Kremldəki sərt xətt tərəfdarları Vaşinqtonla Kiyev arasında fikir ayrılıqlarının dərinləşməsini Moskvanın diplomatik mövqelərini gücləndirə biləcək amil kimi qiymətləndirirlər.
Son günlər Tramp Ukrayna rəhbərliyini müharibənin başa çatdırılması məsələsində tənqid edib.
Zelenskiy isə ABŞ administrasiyasının bəzi qərarlarından narazılığını ifadə edib. Bu qarşılıqlı açıqlamalar iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə bağlı suallar yaradıb.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və Kremlin iqtisadi məsələlər üzrə nümayəndəsi Kirill Dmitriyev yaranmış vəziyyətlə bağlı Ukrayna rəhbərliyini tənqid edən açıqlamalar yayıblar.
Bununla belə, Moskvanın bütün nümayəndələri vəziyyəti Rusiyanın qəti diplomatik qələbəsi kimi qiymətləndirmirlər. Rusiyada Trampın qərarlarının dəyişə biləcəyi və ABŞ siyasətində yeni dönüşlərin baş verə biləcəyi ilə bağlı ehtiyatlı yanaşma da mövcuddur.
Reuters yazır ki, Avropa liderləri Ukraynaya dəstəklərini davam etdirirlər. Eyni zamanda, Rusiyaya qarşı ABŞ sanksiyalarının əksəriyyəti qüvvədə qalır və Ukraynanın Rusiya ərazisinə dron hücumları da davam edir.
Beləliklə, Vaşinqtonla Kiyev arasındakı fikir ayrılıqları Moskva üçün müəyyən imkanlar yaratsa da, bu vəziyyətin Rusiyaya uzunmüddətli strateji üstünlük qazandırıb-qazandırmayacağı hələ aydın deyil.
//Samir Qurbanov, Editor.az

