Azərbaycanda “Elektron ticarət haqqında” Qanunun tətbiq dairəsinin genişləndirilməsi və elektron ticarətlə bağlı yeni tələblərin müəyyənləşdirilməsi təklif olunur.
Editor.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Elektron ticarət haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, elektron ticarətlə məşğul olan satıcılar alıcılara POS-terminal, elektron pul kisəsi və digər vasitələrlə həyata keçirilən nağdsız ödəniş üsulları barədə məlumatlarla tanış olmaq imkanı yaratmalıdırlar.
Elektron ticarət çərçivəsində malların, işlərin və xidmətlərin dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçiriləcək.
Təklif olunan dəyişikliklərə görə, satıcılar istifadə olunan ödəniş üsulları barədə məlumatları həm alıcıların, həm də səlahiyyətli dövlət orqanlarının əldə etməsi üçün əlçatan etməlidirlər. Buraya POS-terminal, elektron pul kisəsi və digər vasitələrlə aparılan nağdsız ödənişlər daxildir.
Layihədə POS-terminal anlayışına da aydınlıq gətirilir. Belə ki, POS-terminal nağdsız, o cümlədən təmassız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulan avadanlıq, həmçinin müvafiq proqram təminatı ilə təchiz edilmiş mobil cihaz hesab ediləcək.
Bundan başqa, satıcı sifarişçinin sifariş verməzdən əvvəl əldə etməli olduğu məlumatları müqavilə bağlanana qədər elektron sənəd formasında təsdiqləmə vasitəsilə ona təqdim etməlidir.
Qanun layihəsində elektron ticarətin hüquqi tənzimlənməsinin texnoloji neytrallıq prinsipinə əsaslanması da nəzərdə tutulur. Bu prinsip elektron ticarət sahəsində hər hansı texnologiyaya üstünlük verilməməsini, müxtəlif texnoloji həllərin bərabər qəbul olunmasını və onların tətbiqinə əsassız məhdudiyyətlər qoyulmamasını ifadə edir.
Eyni zamanda, “Elektron ticarət haqqında” Qanunun yalnız Azərbaycan ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan məhdudiyyətin ləğvi təklif olunur.
Layihəyə əsasən, qanunda işlədilən digər anlayışlar isə Azərbaycan Respublikasının normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edəcək.

