“Məni məcbur etdilər…” Kadırovun 10 illik ssenarisi niyə dəyişmir?backend

“Məni məcbur etdilər…” Kadırovun 10 illik ssenarisi niyə dəyişmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası və “Vahid Rusiya” Partiyasının rəsmi təqdimatı ilə Ramzan Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini irəli sürüb. Kadırovun bu seçkilərə “məcburi” qatıldığını bəyan etməsi, onun səhhəti və mümkün gedişi ilə bağlı aylardır davam edən şayiələrə son qoyub. Kremlin regionda dəyişiklik etmək istəməməsi və çeçen rəhbərinin yaratdığı idarəetmə sisteminin alternativsizliyi Rusiya siyasi kulisində geniş müzakirə mövzusudur.

“AzPolitika” xarici KİV-ə istinadla mövzunun görünməyən tərəflərini və ekspert təhlillərini təqdim edir. Siyasi ekspert İvan Preobrajenskinin fikrincə, Kadırovun yenidən namizəd olması Kremlin hazırda Çeçenistanda hakimiyyət dəyişikliyi barədə düşünmədiyini göstərir. Ekspert qeyd edir ki, Moskva pərdəarxası varis axtarışında olsa da, mövcud status-kvonu pozmaq niyyətində deyil:

“Ramzan Kadırovun alternativi yoxdur. Səhhəti ilə bağlı söz-söhbətlər qeyri-rəsmi xarakter daşıyır. Kadırov sağ olduqca nə o, vəzifəsini könüllü tərk edəcək, nə də Vladimir Putin loyallığına tam əmin olduğu bir adamı dəyişəcək. Xüsusilə Ukrayna ilə davam edən müharibə fonunda Kreml Çeçenistandakı sabitliyi pozmaq riskinə getməz”.

Politoloq Ruslan Aysin də bu fikri bölüşür. Onun sözlərinə görə, Putin üçün Kadırov sadəcə bir məmur deyil, onun şəxsi layihəsidir:

“Putinin məntiqi bəsitdir: sistem işləyirsə, onu dəyişməyə ehtiyac yoxdur. İkinci çeçen müharibəsi zamanı Putin stavkanı Kadırovlar ailəsinə etdi və hələ də bu xətti saxlayır. O inanır ki, Çeçenistanda vəziyyəti yalnız bu ailə nəzarətdə saxlaya bilər”.

Ekspertlər Kadırovun seçkilərə “məcburi getməsi” barədə bəyanatını ciddi qəbul etmirlər. Bu növ ritorika artıq 10 ildir ki, təkrarlanır. Çeçenistan rəhbəri mütəmadi olaraq “missiyasını yerinə yetirdiyini”, “istirahətə çəkilmək istədiyini” və rəhbərliyin onun yerinə başqasını tapmalı olduğunu desə də, sonda həmişə “Prezident necə məsləhət bilsə, elə də olacaq” deyərək postunda qalır.

Ruslan Aysin vurğulayır ki, bu, Kadırovun digər region rəhbərlərindən fərqli olaraq malik olduğu xüsusi statusun göstəricisidir:

“Digər qubernatorlar federal siyasi protokola ciddi riayət etməyə məcbur olduğu halda, Kadırova bəzən şıltaqlıq etməyə, sensasiyalı bəyanatlar verməyə icazə verilir. “Məni məcbur etdilər” deməklə o, özünün əvəzedilməzliyini qabardır”.

Bununla belə, bu şou xarakterli bəyanatların arxasında ciddi bir problem dayanır: Kadırov 20 ilə yaxın idarəçiliyi dövründə respublikada hakimiyyətin təhlükəsiz ötürülməsi mexanizmini qura bilməyib.

Hüquqi baxımdan varislik planı hazırlansa da, Kadırovun oğulları hələ çox gəncdir və qanunla respublikaya rəhbərlik edə bilməzlər. Digər tərəfdən, hakimiyyətin ötürülməsi təkcə Putinlə deyil, Çeçenistan daxilindəki müxtəlif güc qrupları və klanlarla da mürəkkəb razılaşmalar tələb edir. Əks halda, daxili qanlı qarşıdurma qaçılmaz ola bilər.

Kadırovun əvvəlki seçkilərdə 98% (2016) və 99,7% (2021) kimi fantastik nəticələrlə “qalib gəldiyi” məlumdur. Hüquq müdafiəçiləri bu nəticələrin büdcə təşkilatlarının və güc strukturlarının məcburi səsverməsi, karusel üsulları ilə əldə olunduğunu bildirirlər.

Lakin builki prosesdə diqqətçəkən bir məqam var: 2007-ci ildən bəri ilk dəfə olaraq Kadırov “Vahid Rusiya” partiyasının Dövlət Dumasına seçkilərdə Çeçenistan üzrə regional siyahısına rəhbərlik etməyib və Moskvadakı partiya qurultayına qatılmayıb. Siyahıya Dövlət Dumasının deputatı Şamsail Saraliyev başçılıq edir, partiyanın birmandatlı dairə üzrə əsas namizədi isə Kadırovun sağ əli sayılan Adam Delimxanovdur.

Buna baxmayaraq, ekspertlərin ümumi rəyi birdir: FTX və bəzi federal güc strukturları daxilən Kadırovun əleyhinə olsalar da, Putinin şəxsi etibarı onun ən böyük siyasi sığortasıdır. Çeçenistanda klanlararası daxili sabitlik Kadırovun fiziki olaraq postunda qalmasından birbaşa asılıdır.