Polşa ABŞ-ın Shield AI şirkəti ilə MQ-35 V-BAT tipli şaquli qalxma və enmə imkanına malik pilotsuz uçuş aparatlarının alınmasına dair müqavilə imzalayıb.
Breaking Defense nəşrinin məlumatına görə, Ukraynada döyüş şəraitində sınaqdan keçirilmiş bu dronlar Polşa Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək.
MQ-35 V-BAT pilotsuz aparatları kəşfiyyat, müşahidə və hədəf aşkarlanması tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Dronların əsas üstünlüklərindən biri qısa sahələrdən və ya gəmi göyərtələrindən havaya qalxa bilməsidir.
Polşa Müdafiə Nazirliyi hesab edir ki, yeni sistemlər ölkənin dəniz sərhədlərinin mühafizəsi və Baltik dənizində əməliyyat imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayacaq.
Qeyd edək ki, V-BAT dronları Ukraynada aparılan əməliyyatlar zamanı sınaqdan keçirilib və mürəkkəb radioelektron mübarizə şəraitində fəaliyyət qabiliyyəti ilə diqqət çəkib. Bu amil Polşanın sözügedən sistemi seçməsində əsas səbəblərdən biri kimi göstərilir.
//Samir Qurbanov, Editor.az

