Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Mehriban Xanlarova Akademik Milli Dram Teatrına qayıdışı ilə bağlı yaşadığı problemlərə münasibət bildirib və mübarizəsini davam etdirəcəyini açıqlayıb.
Editor.az xəbər verir ki, Xanlarova sosial şəbəkə hesabında yazıb ki, ona çatan məlumatlara görə, mədəniyyət naziri Adil Kərimli Akademik Milli Dram Teatrına geri dönmək istəyi ilə bağlı ona verilən “ştat yoxdur” cavabına ünvanladığı suallara münasibət bildirərkən “Fikir verməyin, 5-6 gün yazacaq, danışacaq, sonra da susacaq” fikrini səsləndirib.
“Bu məlumatın nə dərəcədə doğru olduğunu bilmirəm. Lakin əgər həqiqətən belə bir fikir səsləndirilibsə, cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar. Mən haqq səsim eşidilənə və doğma teatrıma qovuşana qədər mübarizəmi davam etdirəcəyəm.
Çünki mən Prezidentimə güvənirəm. Səsim eşidilənə qədər haqq mübarizəmdən geri çəkilməyəcəyəm”, – deyə aktrisa vurğulayıb.
Əməkdar artist qeyd edib ki, xalqın sevgisini qazanmış bir sənət adamı olaraq bu dəstəyi daim hiss edir.
“Mən xalqımızın sevgisini qazanmış bir sənət adamıyam. Siz də bu məsələdə xalqın mənə olan sevgisinin və dəstəyinin şahidi olursunuz. Mən hər zaman haqsızlıqla üzləşən, hüquqları pozulan insanların yanında olmuş, onların problemlərinin həlli üçün çalışmışam. Bəzən buna görə özüm də təzyiqlərlə üzləşmişəm. Lakin heç vaxt geri çəkilməmiş, haqq mübarizəmdən dönməmiş və sonadək mübarizə aparmışam”, – deyə o bildirib.
Xanlarova hazırda söhbətin təkcə onun öz taleyindən deyil, ailəsinin və yaşlı anasının taleyindən getdiyini qeyd edib.
“Bu gün isə söhbət mənim öz taleyimdən, ailəmin taleyindən və 92 yaşlı, aciz bir Azərbaycan anasının faciəsindən gedir. Ona görə də mənim 5-6 gündən sonra susacağıma ümid etməyin. Mən bilirəm ki, mənim və ailəmin yaşadığı bu ağır vəziyyət hələ də cənab Prezidentə tam şəkildə çatdırılmayıb. Dövlətimizin daha böyük problemlərlə məşğul olan səlahiyyətli şəxsləri işlərinin çoxluğundan bəlkə də hələ mənim səsimi eşitməyiblər. Amma inanıram ki, bu məsələdən xəbər tutduqları gün ən azı belə deyəcəklər: ‘Çağırın o qadını, üzbəüz dinləyin. Görək nə baş verir?’”, – deyə sənətçi vurğulayıb.
Əməkdar artist hesab edir ki, məsələyə obyektiv yanaşılacağı təqdirdə həqiqətlər üzə çıxacaq.
“Axı söhbət ömrünü Azərbaycan mədəniyyətinə həsr etmiş bir Əməkdar Artistdən, Prezident mükafatçısından gedir. Mən doğma teatrıma qovuşana qədər çıxışlarıma davam edəcəyəm. Məni bu yola məcbur etdilər, məni bu mübarizəyə sövq etdilər. İnanıram ki, həqiqət üzə çıxanda bir çoxlarının vəziyyəti mənimkindən daha ağır olacaq. Ona görə də, cənab nazir, mənim 5-6 gündən sonra susacağıma ümid etməyin. Qətiyyən!”, – deyə Mehriban Xanlarova bildirib.

