Danimarka hökuməti 23-60 yaş aralığında olan ukraynalı kişilərə artıq müvəqqəti müdafiə statusu verməyəcəyini açıqlayıb.
Məlumatı Kiyev Independent nəşri Danimarka hökumətinin bəyanatına istinadən yayıb. Qərara əsasən, yeni müraciət edən hərbi xidmət yaşında olan Ukrayna vətəndaşları əvvəlki qaydada avtomatik müvəqqəti müdafiə hüququ əldə edə bilməyəcəklər.
Rəsmi Kopenhagen bu addımı Ukraynadakı vəziyyət və miqrasiya siyasətinə yenidən baxılması ilə əlaqələndirir. Bununla yanaşı, qadınlar, uşaqlar və digər həssas kateqoriyalara aid şəxslər üçün mövcud müdafiə mexanizmlərinin qüvvədə qalacağı bildirilir.
Beləliklə, Danimarka hərbi xidmət yaşında olan ukraynalı kişilərə münasibətdə müvəqqəti müdafiə siyasətini sərtləşdirən ilk Avropa İttifaqı ölkəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra milyonlarla ukraynalı Avropa ölkələrində müvəqqəti müdafiə statusu alaraq yaşamaq və işləmək hüququ əldə edib.
//Samir Qurbanov, Editor.az

