İran hakimiyyəti Hörmüz boğazına nəzarətin digər ölkələrin iştirakı ilə həyata keçirilməsi imkanlarını müzakirə edir. Bu barədə The Wall Street Journal nəşri İran mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran boğazın təhlükəsizliyinin təmin olunması və gəmiçiliyin idarə edilməsi sahəsində regional əməkdaşlıq modelinin yaradılmasını nəzərdən keçirir. İddia olunur ki, İran bu mexanizm çərçivəsində digər ölkələrlə birgə nəzarət variantlarını araşdırır.
Nəşrin yazdığına görə, belə bir addım Hörmüz boğazında sabitliyin qorunmasına xidmət etməklə yanaşı, İran üçün əlavə iqtisadi gəlir imkanları da yarada bilər.
Hələlik İran rəsmiləri məsələ ilə bağlı rəsmi qərar qəbul etməyib və müzakirələrin davam etdiyi bildirilir.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır.
Qlobal neft və mayeləşdirilmiş təbii qaz tədarükünün mühüm hissəsi məhz bu su yolu vasitəsilə həyata keçirilir. Bu səbəbdən boğazla bağlı istənilən qərar beynəlxalq enerji bazarlarının diqqət mərkəzində olur.
//Samir Qurbanov, Editor.az

