Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hemiltonla görüşüb.
Editor.az bildirir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında məlumat verib.
“NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hemiltonla məhsuldar görüşüm baş tutdu. Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində mühüm nəticələr əldə etmişik.
Xüsusilə, Azərbaycanla NATO arasında qarşılıqlı uyğunluğun artırılması istiqamətində əldə olunan tərəqqini qeyd etdik. Biz, həmçinin Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektlərinə dair məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi etdik”, – deyə paylaşımda vurğulanır.

