Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyada ictimai narahatlıq səviyyəsi artıq Kursk əməliyyatı zamanı müşahidə olunan göstəriciləri üstələyib.
Onun sözlərinə görə, rusiyalıların əhəmiyyətli hissəsi maliyyə vəziyyətini ağır qiymətləndirir və ölkədə genişmiqyaslı iqtisadi böhranın qaçılmaz olduğunu düşünür. Zelenski hesab edir ki, bu tendensiya Kremlin hərbi siyasətinin uğursuzluğunu göstərir.
Ukrayna lideri bu barədə özünün rəsmi Telegram hesabında paylaşım edib. O qeyd edib ki, məlumatlar Ukrayna Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbər vəzifəsini müvəqqəti icra edən Oleq Luqovski ilə keçirdiyi görüş zamanı təqdim olunub.
Zelenskinin sözlərinə görə, Rusiyada iqtisadi vəziyyət və müharibənin təsirləri ilə bağlı narahatlıqların artması cəmiyyətin əhval-ruhiyyəsində də özünü göstərir. Ukrayna tərəfi bunu Moskvanın uzunmüddətli hərbi strategiyasının nəticəsi kimi qiymətləndirir.
//Samir Qurbanov, Editor.az

