Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya təsir göstərmək və Moskvanı müharibəni dayandırmağa sövq etmək məqsədi daşıyan 40 günlük xüsusi əməliyyatı təsdiqlədiyini bildirib.
Zelenskinin sözlərinə görə, qərar Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərliyi ilə keçirilən müşavirədən sonra qəbul olunub. Görüş zamanı xidmətin cari fəaliyyəti, cəbhədəki vəziyyət və Rusiyaya qarşı əlavə təsir mexanizmləri müzakirə edilib.
Ukrayna lideri qeyd edib ki, əməliyyatın əsas məqsədi Rusiyaya siyasi, informasiya və digər vasitələrlə təzyiq göstərərək onu sülhə məcbur etməkdir. Bununla yanaşı, əməliyyatın konkret məzmunu və hansı tədbirləri əhatə etdiyi açıqlanmayıb.
Rəsmi Kiyev hesab edir ki, bu addım Ukraynanın təhlükəsizliyinin gücləndirilməsinə və Rusiyanın hərbi fəaliyyətinin məhdudlaşdırılmasına xidmət edəcək.
Qeyd edək ki, Ukrayna və Rusiya arasında müharibə dördüncü ildən artıqdır davam edir və tərəflər arasında hərbi əməliyyatlar müxtəlif istiqamətlərdə intensiv şəkildə sürür.
//Samir Qurbanov, Editor.az

