Türkiyə 2026-cı ildə də Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını xarici siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Ankara Ermənistanla normallaşma prosesini Azərbaycanla tam koordinasiya şəraitində davam etdirəcəyini, Bakı ilə strateji tərəfdaşlığı daha da gücləndirəcəyini və regionda sülh gündəliyini fəal şəkildə dəstəkləyəcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, bu müddəalar Türkiyə Xarici İşlər Nazirliyinin 2026-cı il üzrə Fəaliyyət Proqramında yer alıb.
Sənəddə vurğulanır ki, Ankara Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanın mövqeyi nəzərə alınmaqla davam etdirəcək. Bununla yanaşı, Türkiyə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına dəstəyini də qoruyacaq.
Nazirlik hesab edir ki, Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik, iqtisadi inkişaf və sabitlik yalnız regional əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə mümkündür. Bu baxımdan Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan istiqamətlərində aparılan proseslərin bir-birini tamamlayan formada irəliləməsinin vacibliyi xüsusi qeyd olunur.
Sənəddə Azərbaycanla münasibətlər xüsusi bölmə kimi təqdim edilir. Bildirilir ki, ortaq tarix, dil, mədəniyyət və qardaşlıq əlaqələri üzərində qurulan strateji tərəfdaşlıq qarşıdakı dövrdə daha da dərinləşdiriləcək. Ankara hesab edir ki, Bakı ilə əməkdaşlıq təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Cənubi Qafqazda sülh və rifahın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Fəaliyyət proqramında Türkiyənin ümumi xarici siyasət kursuna da geniş yer ayrılıb. Sənəddə qeyd olunur ki, dünyanın getdikcə daha mürəkkəb və proqnozlaşdırılması çətin geosiyasi mərhələyə daxil olduğu bir dövrdə Ankara müstəqil, çoxşaxəli və milli maraqlara əsaslanan diplomatiya yürütməkdə qərarlıdır.
Türkiyə diplomatiyasının əsas məqsədləri sırasında regional təhlükəsizliyin gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, iqtisadi diplomatiyanın inkişafı, qlobal təşəbbüslərdə fəal iştirak, xaricdə yaşayan Türkiyə vətəndaşlarının və soydaşların hüquqlarının müdafiəsi, həmçinin Xarici İşlər Nazirliyinin institusional imkanlarının artırılması göstərilir.
Sənəddə Türkiyənin Balkanlardan Mərkəzi Asiyaya, Afrikadan Latın Amerikasına, Avropadan Asiya-Sakit okean bölgəsinə qədər geniş coğrafiyada sabitlik və əməkdaşlığın təşviqinə çalışdığı bildirilir. Ankara regional problemlərin bölgə ölkələrinin iştirakı ilə həllini dəstəklədiyini, vasitəçilik missiyasını gələcəkdə də davam etdirəcəyini vurğulayır.
Yaxın Şərqdə isə Qəzza böhranı Türkiyənin əsas prioritetləri sırasında göstərilir. Rəsmi Ankara atəşkəsin təmin olunması, humanitar yardımların maneəsiz çatdırılması, Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasının genişlənməsi və İsrailin beynəlxalq hüquq qarşısında məsuliyyət daşımasının vacibliyini bir daha bəyan edir.
Suriya ilə bağlı hissədə ölkənin ərazi bütövlüyü, siyasi sabitliyi və yenidən qurulmasının Türkiyə üçün əsas hədəflərdən biri olduğu vurğulanır.
Rusiya-Ukrayna müharibəsinə toxunulan bölmədə isə Ankara ədalətli və davamlı sülhün yalnız diplomatik danışıqlar yolu ilə mümkün olduğunu bildirir. İstanbulda keçirilən görüşlərin və Türkiyənin vasitəçilik təşəbbüslərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyi qeyd olunur.
Sənəddə Avropa İttifaqına üzvlüyün Türkiyə üçün strateji məqsəd olaraq qaldığı, eyni zamanda Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyi vurğulanır.
Türkiyə həmçinin NATO çərçivəsində öhdəliklərini yerinə yetirməyə, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirakını davam etdirməyə hazır olduğunu bəyan edir.
Fəaliyyət proqramında iqtisadi diplomatiya da əsas istiqamətlərdən biri kimi göstərilir. Orta Dəhliz, İnkişaf Yolu və digər beynəlxalq nəqliyyat layihələrinin dəstəklənməsi, enerji marşrutlarının şaxələndirilməsi və xarici ticarətin genişləndirilməsi qarşıdakı dövrün əsas hədəfləri sırasındadır.
Sənədin sonunda qeyd olunur ki, Türkiyə hazırda dünyanın ən geniş diplomatik şəbəkələrindən birinə malik ölkələrdən biridir. Xarici nümayəndəliklərin sayının artırılması, diplomatik xidmətlərin rəqəmsallaşdırılması, insan resurslarının gücləndirilməsi və institusional islahatlar 2026-cı ildə də davam etdiriləcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan proqramın ön sözündə bildirib ki, ölkəsi qarşıdakı dövrdə də beynəlxalq münasibətlərdə sülhün, sabitliyin və ədalətin təşviqi istiqamətində fəal rol oynamaqda davam edəcək.
Sənəddə Türkiyə Xarici İşlər Nazirliyinin səlahiyyət və fəaliyyət istiqamətlərinə də geniş yer ayrılıb. Bildirilir ki, nazirliyin hüquq və vəzifələri Prezident Fərmanının müvafiq maddələri ilə tənzimlənir. Qurum Türkiyə Prezidentinin müəyyən etdiyi xarici siyasət kursunun həyata keçirilməsinə, diplomatik münasibətlərin bütün istiqamətlər üzrə koordinasiyasına, ölkənin beynəlxalq aləmdə maraqlarının qorunmasına və Türkiyənin xarici dövlətlər, eləcə də beynəlxalq təşkilatlar qarşısında rəsmi şəkildə təmsil olunmasına cavabdehdir.
Bununla yanaşı, xaricdə yaşayan Türkiyə vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsi, konsulluq xidmətlərinin təşkili, iqtisadi, ticarət və mədəni əlaqələrin inkişaf etdirilməsi, eləcə də ictimai diplomatiya fəaliyyətinin həyata keçirilməsi də nazirliyin əsas vəzifələri sırasında göstərilir.
Fəaliyyət proqramında qeyd olunur ki, Türkiyə Xarici İşlər Nazirliyinin işi Prezident Administrasiyasının təşkili haqqında fərman, dövlət qulluğu haqqında qanunvericilik, Xarici İşlər Nazirliyinin əməkdaşları ilə bağlı xüsusi qanun və digər normativ-hüquqi aktlar əsasında həyata keçirilir.

Sənəddə nazirliyin təşkilati strukturu barədə də məlumat verilir. Bildirilir ki, qurum mərkəzi aparat və xarici nümayəndəliklərdən ibarətdir. Mərkəzi aparata nazir müavinlikləri, baş idarələr, onların tabeliyində fəaliyyət göstərən idarələr, Xarici Siyasət Məşvərət Şurası, Təftiş Şurası, Strateji İnkişaf İdarəsi, Diplomatiya Akademiyası, Strateji Araşdırmalar Mərkəzi və Nazirin Katibliyi daxildir.
Nazirliyin ölkə daxilində də bir sıra əlaqələndirmə ofisləri fəaliyyət göstərir. İstanbul, Ədirnə, İzmir, Antalya, Hatay və Van şəhərlərində fəaliyyət göstərən bu nümayəndəliklər əsasən xarici diplomatik missiyalarla işin təşkili və protokol məsələlərinin əlaqələndirilməsi ilə məşğuldur. Sənəddə Trabzonda da yeni əlaqələndirmə ofisinin yaradılması istiqamətində işlərin davam etdiyi bildirilir.
Türkiyənin xaricdəki diplomatik şəbəkəsinin də daim genişləndirildiyi vurğulanır. 2025-ci il sentyabrın 30-na olan məlumata əsasən, ölkənin xaricdə ümumilikdə 263 rəsmi diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Bunların 147-si səfirlik, 14-ü daimi nümayəndəlik, 99-u baş konsulluq, biri konsulluq agentliyi, biri konsulluq bürosu, biri isə ticarət ofisidir. Bundan başqa, müxtəlif ölkələrdə fəxri baş konsulluqlar və fəxri konsulluqlar da fəaliyyət göstərir.
Coğrafi bölgüyə əsasən, Türkiyənin xarici nümayəndəliklərinin 99-u Avropada, 77-si Asiyada, 50-si Afrikada, 33-ü Amerika qitəsində, 4-ü isə Okeaniyada yerləşir. Bu göstərici Türkiyənin dünyanın ən geniş diplomatik şəbəkələrindən birinə malik ölkələr sırasında yer aldığını bir daha nümayiş etdirir.
Fəaliyyət proqramında Avropa İttifaqı ilə əməkdaşlıq mexanizmlərinə də toxunulur. Bildirilir ki, Prezident fərmanına əsasən, Avropa İttifaqı üzrə Dövlət Qurumunun fəaliyyəti Xarici İşlər Nazirliyinin tərkibində davam etdirilir. Eyni zamanda Avropa Birliyinin Təhsil və Gənclik Proqramları Mərkəzi (Milli Agentlik) və Türk Akkreditasiya Qurumu (TÜRKAK) da nazirliyin əlaqəli qurumları kimi fəaliyyət göstərir.
Beləliklə, Türkiyənin 2026-cı il üzrə Fəaliyyət Proqramı göstərir ki, Ankara qarşıdakı dövrdə həm regional, həm də qlobal siyasətdə fəal rolunu qorumağı, diplomatik imkanlarını daha da genişləndirməyi, Azərbaycanla strateji müttəfiqliyi gücləndirməyi və Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına töhfə verməyi əsas xarici siyasət hədəflərindən biri hesab edir.

