Yaponiya fövqəladə vəziyyətdə nüvə silahlarının ölkəyə gətirilməsinə icazə verməyi nəzərdən keçirirbackend

Yaponiya fövqəladə vəziyyətdə nüvə silahlarının ölkəyə gətirilməsinə icazə verməyi nəzərdən keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti fövqəladə vəziyyət yaranacağı təqdirdə nüvə silahlarının ölkəyə gətirilməsinə istisna qaydada icazə verilməsi imkanını nəzərdən keçirir.

Editor.az xəbər verir ki, bu barədə Yaponiyanın Sankei qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Hazırda Yaponiyanın təhlükəsizlik siyasətinin əsasını üç qeyri-nüvə prinsipi təşkil edir: nüvə silahına malik olmamaq, onu istehsal etməmək və ölkəyə gətirməmək. Məlumata görə, Tokio bu prinsiplərə yenidən baxmağı hələlik planlaşdırmır. Bununla belə, Yaponiya hakimiyyəti potensial rəqiblərə qarşı çəkindirmə imkanlarını ABŞ-ın “nüvə çətiri” əsasında gücləndirmə variantlarını araşdırır.

Məlumata əsasən, nüvə silahlarının fövqəladə hallarda ölkəyə gətirilməsinə istisna qaydada icazə verilməsi ilə bağlı müddəanın Yaponiyanın milli təhlükəsizliyinə dair yeni əsas sənədlərə daxil edilməsi nəzərdən keçirilir. Yaponiya rəhbərliyinin bu sənədləri 2026-cı ilin sonunadək qəbul etməyi planlaşdırdığı bildirilir.

Təkliflər arasında nüvə silahı daşıyan hərbi gəmilərin Yaponiyanın limanlarına daxil olmasına icazə verilməsi məsələsi də yer alır. Bundan əlavə, ölkənin hərbi-dəniz qüvvələrinin nüvə enerjisi ilə işləyən sualtı qayıqlarla təchiz edilməsi ilə bağlı təkliflərin də müzakirə olunduğu qeyd edilir.

Bununla belə, belə dəyişikliklərin həyata keçirilməsi bir sıra hüquqi və praktiki məsələlərin həllini tələb edir. Əsas suallardan biri nüvə silahlarının ölkəyə gətirilməsinə qoyulan məhdudiyyətlərin hansı konkret fövqəladə vəziyyətlərdə aradan qaldırıla biləcəyinin dəqiq müəyyənləşdirilməsidir.

Rusiya Prezidentinin müşaviri Anton Kobyakov avqust ayında Yaponiyanın bir il ərzində nüvə silahı hazırlamaq imkanına malik olduğunu bildirmişdi. O, Yaponiyada revanşist əhval-ruhiyyənin gücləndiyini və ölkənin hərbiləşdirilməsinin davam etdiyini vurğulamışdı.

//Gülnarə Abasova, Editor.az