Azərbaycanda iqtisadi fəallığın artırılması, məşğulluq imkanlarının genişləndirilməsi və işsizliyin azaldılması üçün əlverişli biznes mühitinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu prosesdə dövlətin iqtisadi siyasəti, sahibkarlığın inkişafına dəstək mexanizmləri və investisiyaların təşviqi xüsusi rol oynayır. Dayanıqlı məşğulluğun təmin edilməsi yalnız yeni iş yerlərinin açılması ilə deyil, həm də sahibkarların fəaliyyət göstərməsi, gəlir əldə etməsi və bizneslərini genişləndirməsi üçün lazımi şəraitin yaradılması ilə bağlıdır. Bəs bu istiqamətdə dövlətin əsas vəzifələri nədən ibarətdir və özəl sektorun məşğulluğun artırılmasında rolunu gücləndirmək üçün hansı addımlar atılmalıdır?
İqtisadçı Xalid Kərimli Editor.az-a açıqlamasında bildirib ki, dövlət şirkətlər və özəl sektor üçün əlverişli və təşviqedici şərait yaratmalıdır ki, sahibkarlar investisiya qoysun və yeni iş yerləri açsınlar.
“Yəni işsizlik problemi, məşğulluğun aşağı səviyyədə olması özəl sektorun deyil, dövlətin problemidir. Dövlət işsizliyin azaldılmasını hədəf kimi müəyyənləşdirir, iqtisadi inkişafı təmin etməlidir. Amma burada dövlətin iş yerləri yaratmaqla işsizliyi azaltmalı olduğunu başa düşmək lazım deyil. Dövlət elə şərait yaratmalıdır ki, insanlar özləri iş tapa bilsinlər, öz bizneslərini qursunlar.
Özəl sektor dedikdə, insanları nəzərdə tuturuq. Özəl sektor üçüncü bir qüvvə deyil ki. İnsanlar ya özlərini məşğul etməli, ya da iş yeri açaraq digər insanları da işə götürməlidirlər. Dövlət təşviqedici, əlverişli və biznesin gəlir əldə edə biləcəyi şərait yaratmalıdır. İnvestisiyanı hara qoyurlar? Pul qazana biləcəkləri yerə. Heç kim investisiyanı əlindəki pulu itirmək üçün qoymur. İnvestor 100 manat yatırırsa, bundan gəlir əldə etməyi düşünür. Dövlət elə şərait yaratmalıdır ki, iqtisadiyyatda gəlir əldə etmək mümkün olsun və sahibkar investisiya qoymaqda maraqlı olsun”.
//Gülnarə Abasova, Editor.az

