İsraildə keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq, ölkənin İrana qarşı sərt təhlükəsizlik siyasətinin əsas istiqamətlərinin dəyişməyəcəyi gözlənilir.
Reuters-in regional ekspertlərə istinadən yaydığı təhlildə bildirilir ki, İsrailin təhlükəsizlik strategiyası son illərdə baş verən müharibələr və hücumlar fonunda formalaşıb.
Analitiklərin fikrincə, İsrailin strategiyası üç əsas istiqamətə söykənir: İranın regional təsir imkanlarının məhdudlaşdırılması, sərhədlərdən kənarda təhlükəsizlik bufer zonalarının saxlanılması və potensial rəqiblərin hərbi güc vasitəsilə çəkindirilməsi.
Baş nazir Benyamin Netanyahunun seçkilərdə qələbə qazanması və sağçı siyasi qüvvələrlə koalisiyanı qoruması halında İranla qarşıdurmanın daha da sərtləşə biləcəyi ehtimal olunur. Belə bir ssenaridə işğal altındakı İordan çayının qərb sahilində İsrail məskənlərinin genişləndirilməsi və diplomatiyanın ikinci plana keçməsi ilə bağlı narahatlıqlar da mövcuddur.
Bununla belə, hökumətin dəyişməsi müəyyən taktiki fərqlər yarada bilər. Ekspertlər hesab edirlər ki, əsas məsələ İsrailin İranla qarşıdurmadan imtina edib-etməyəcəyi deyil, bu siyasəti hansı intensivliklə həyata keçirəcəyidir.
Fars körfəzi ölkələri də mürəkkəb vəziyyətlə üzləşirlər: onlar İsrailin regional siyasətindən narazıdırlar, lakin eyni zamanda İranın təsirinin məhdudlaşdırılmasında maraqlıdırlar.
//Samir Qurbanov, Editor.az

