Milyonlarla izləyicisi olan amerikalı fitnes fenomeni və Connor Murphy Taylandda faciəvi şəkildə vəfat edib.
Editor.az musavat.com-a istinadən bildirir ki, 32 yaşlı fenomenin Samut Prakan əyalətində yerləşən yaşayış kompleksinin gölündə boğulduğu bildirilib.
Merfi ölümündən əvvəl qaldığı villada qeyri-adi davranışlar sərgiləyib. Bildirilir ki, o, evin divarlarına müxtəlif simvollar çəkib, əmlaka ziyan vurub, daha sonra isə yaşayış kompleksində qışqıraraq, yerdə yuvarlanıb və dua edirmiş kimi hərəkətlər edib.
Hadisə yerinə çağırılan polis əməkdaşlarını görən Merfinin yaxınlıqdakı gölə qaçaraq suya girdiyi qeyd olunur. Bir müddət üzdükdən sonra o, gözdən itib. Hadisə yerinə cəlb olunan dalğıclar təxminən 30 dəqiqəlik axtarışdan sonra onun cansız bədənini sahildən 20 metr aralıda aşkar ediblər. İlkin müayinədə bədənində zorakılıq və ya xəsarət izləri müəyyən edilməyib.
İstintaq çərçivəsində Merfinin yaşadığı villa və avtomobili də yoxlanılıb. Polis evdə əmlaka ziyan vurulduğunu, avtomobildə isə iki istifadə olunmamış şpris və mənşəyi müəyyən edilməmiş ağ rəngli həblərin aşkar edildiyini bildirib. Hüquq-mühafizə orqanları bu tapıntıların ölüm səbəbini təsdiqləmədiyini, yekun nəticənin məhkəmə-tibbi ekspertiza və toksikoloji analizlərdən sonra məlum olacağını açıqlayıb.
Merfinin təxminən üç il birlikdə olduğu sevgilisi onun bu cür davranışını ilk dəfə gördüyünü bildirib. Onun sözlərinə görə, fenomenin əvvəllər narkotik istifadə etdiyinə şahid olmayıb və baş verənlər onlar üçün də gözlənilməz olub.


