Özünü bıçaqladı, polisə “məni bacım vurdu” dedi – Azərbaycanda film kimi olaybackend

Özünü bıçaqladı, polisə “məni bacım vurdu” dedi – Azərbaycanda film kimi olay

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda cinayətlə bağlı polisə bilə-bilə yalan məlumat verən 1993-cü il təvəllüdlü qadın məsuliyyətə cəlb olunub. 

Xitab24.az-ın əldə məlumatına görə, Səadət Kərimova polisə zəng edərək, guya bacısı və onun rəfiqəsi tərəfindən bıçaqlandığını bildirib.

İşin ən dəhşətli tərəfi isə ondan ibarətdir ki, əslində, qadın öz-özünə bıçaq zərbəsi endirib.

Onun belə addım atmasına isə bacısı ilə münasibətlərinin soyuq olması olub. Səadət bacısı Nəzakət Kərimovanın rəfiqəsi ilə mehriban olmasını qəbul etməyib və hər ikisini bu üsulla cəzalandırmaq qərarına gəlib.

Araşdırma zamanı o da bəlli olub ki, Səadət oğlunun kiçik toy məclisinə bacısını dəvət etsə də, o, Füzulidən Sumqayıta gələ bilməyəcəyini deyib. Elə bacısının məclisdə iştirakdan imtinası da Səadəti hiddətləndirən səbəblərdən biri olub.

Növbəti dəfə isə Səadət Füzuliyə ata evinə gedib və burada bacısı ilə mülk üstündə mübahisə edib. Bu mübahisədə Səadət çantasından bıçağı çıxararaq öz qarın nahiyəsinə sancıb. Maraqlıdır ki, Səadət bıçaq qarın nahiyəsində qala-qala 102-yə zəng edib. O, 102-yə zəng edəndə bacısının rəfiqəsi tərəfindən bıçaqlandığını bildirib.

Halbuki həmin hadisə baş verən anda bacısının rəfiqəsi Kəmalə Seyidova Beyləqanda olub. Bacısının hadisə yerinə çağırdığı təcili tibbi yardım briqadası gələrək, bıçağı Səadətin qarnından çıxarıb və onu xəstxanaya aparıb.

Əməliyyatdan sağ çıxan qadın daha sonra şikayətinin məzmununu dəyişib. O, bu dəfə Füzuli Rayon Polis Şöbəsinə bacısı Nəzakət tərəfindən bıçaqlandığını bildirib.

Məhkəmədə keçirilən prosesdə Səadət Kərimova bacısı və onun rəfiqəsindən qəzəbli olduğundan öz-özünü bıçaqladığını, sonuncuların cəzalanması üçün onlar barədə hüquq-mühafizə orqanlarına yalan məlumat verdiyini etiraf edib. Məhkəmənin hökmünə əsasən, 33 yaşlı qadının azadlığı 2 il müddətinə məhdudlaşdırıb.

Qeyd edək ki, redaksiya tərəfindən bəzi məsələlələr nəzərə alınaraq ad və soyadlar şərti verilib.