ABŞ prezidenti Donald Tramp bildirib ki, İran müharibəsi zamanı kənarda qaldığına və xüsusən də İsrailə qarşı Tehrana kömək etmədiyinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdardır: “Bilirsiniz, o, müharibəyə girmədi. O, İranla müharibəyə girmək üçün əsas namizəd idi, bəlkə də İranın tərəfində, çünki bildiyiniz kimi, o, İsrailin böyük fanatı deyil. Mən ondan müdaxilə etməməsini xahiş etdim. O, müdaxilə etmədi. Ərdoğan böyük lider, çox güclü şəxsiyyət, əla hərbçidir və mən ondan müdaxilə etməməsini xahiş etdim, o isə müdaxilə etmədi”.
Trampın Trampın sözlərindən hansı nəticə çıxarmaq olar? Türkiyənin ABŞ, İsrail-İran müharibəsinə müdaxilə etmək istədiyinin təsdiqi hesab edilə bilərmi? Türkiyə İranın tərəfini tutaraq müharibəyə hansı formada müdaxilə edə bilərdi?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Trampın açıqlaması diqqətçəkici olsa da, onu Türkiyənin İranın tərəfində müharibəyə qoşulmağa hazırlaşdığının birbaşa təsdiqi kimi qiymətləndirmək düzgün olmaz:
“Trampın siyasi üslubunu nəzərə alsaq, o, çox vaxt liderlərlə şəxsi münasibətlərini vurğulayır və hadisələri fərdi diplomatiya prizmasından təqdim edir. Burada da əsas mesaj Ərdoğanın ABŞ-la qarşıdurmadan yayınması və regional münaqişənin genişlənməsinə imkan verməməsi kimi görünür.
Trampın “o, İranın tərəfində müharibəyə girmək üçün əsas namizəd idi” ifadəsi daha çox Türkiyənin İranla sərhəd qonşusu olması, İsraili sərt tənqid etməsi və bölgədə güclü hərbi-siyasi aktor olması ilə bağlı siyasi qiymətləndirmədir. Bu, Ankaranın konkret hərbi müdaxilə planı hazırladığını göstərmir. Bilirsiniz ki, Türkiyə İsrail-İran qarşıdurması boyunca rəsmi olaraq diplomatik həll yollarını müdafiə edib, atəşkəs çağırışları edib və müharibənin regiona yayılmasının əleyhinə çıxış edib.
Türkiyənin İranın tərəfində müharibəyə müdaxiləsi nəzəri baxımdan bir neçə formada mümkün hesab edilə bilərdi. Ankara beynəlxalq platformalarda İranın mövqeyini daha açıq müdafiə edə, ABŞ və İsrail əleyhinə daha sərt kampaniya apara bilərdi. Əslində Türkiyə müəyyən mənada bunu edib, lakin hərbi ittifaq səviyyəsində deyil.
Türkiyə İran üçün müəyyən logistika imkanları yarada və ya regional hərbi əməliyyatlarla bağlı ABŞ-a əlavə məhdudiyyətlər qoya bilərdi. Lakin NATO üzvü olan Türkiyənin bunu açıq şəkildə etməsi son dərəcə çətin olardı.
Türkiyənin birbaşa hərbi müdaxiləsi isə ən az ehtimal olunan variant idi. Türkiyənin İran uğrunda İsrail və ya ABŞ ilə birbaşa hərbi qarşıdurmaya girməsi NATO üzvü statusu, iqtisadi maraqları və regional balans siyasəti baxımından son dərəcə riskli olardı. Ankara son illərdə “strateji muxtariyyət” siyasəti aparsa da, ABŞ-la açıq müharibə xəttinə keçmək onun maraqlarına uyğun görünmür”.
Politoloqun sözlərinə görə, əslində Trampın bəyanatı həm də Türkiyə-ABŞ münasibətlərində son dövrdə yaranan nisbi yaxınlaşmanın göstəricisi sayıla bilər. Trampın NATO sammitində iştirakını şəxsən Ərdoğana hörmətlə əlaqələndirməsi Ankaranın Vaşinqtonun Yaxın Şərq strategiyasında yenidən mühüm tərəfdaş kimi qəbul edilməsinə işarədir.
Musavat.com

