Putinin İstanbul şərti: Rusiya-Ukrayna danışıqları yenidən gündəmə qayıdır?backend

Putinin İstanbul şərti: Rusiya-Ukrayna danışıqları yenidən gündəmə qayıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin dördüncü ilinə yaxınlaşdığı bir vaxtda həm döyüş meydanında, həm də diplomatik müstəvidə yeni dinamika formalaşır. Bir tərəfdən tərəflər hərbi üstünlük əldə etməyə çalışır, digər tərəfdən isə beynəlxalq ictimaiyyət münaqişənin siyasi həlli imkanlarını diqqətlə izləyir. Bu fonda Moskvanın son bəyanatları və İstanbul formatına istinad etməsi Rusiya-Ukrayna müharibəsinin gələcək inkişaf trayektoriyası ilə bağlı yeni müzakirələrə yol açır.

Politoloq Züriyə Qarayeva Editor.az-a açıqlamasında bildirib ki, Putinin son açıqlamaları Moskvanın diplomatik kanalları tamamilə bağlamaq niyyətində olmadığını göstərir:

“Bununla yanaşı, Rusiya danışıqların məhz 2022-ci ildə İstanbulda əldə olunmuş razılaşmalar əsasında aparılmasını istəyir. Bu isə Ukraynanın neytral statusu və təhlükəsizlik təminatları kimi əvvəllər müzakirə edilmiş məsələlərin yenidən gündəmə gətirilməsi deməkdir. Lakin hazırkı hərbi-siyasi reallıq 2022-ci illə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib. Bu səbəbdən tərəflərin əvvəlki şərtlərlə yenidən danışıqlar masasına qayıtması kifayət qədər mürəkkəb görünür.

Digər tərəfdən, hərbi əməliyyatların intensivləşməsi və Ukraynanın Rusiyanın dərinliklərinə, o cümlədən Moskva istiqamətinə zərbələr endirməsi göstərir ki, tərəflər mümkün danışıqlara daha əlverişli mövqedən başlamağa çalışırlar. Tarixi təcrübə də göstərir ki, belə münaqişələrdə diplomatik bəyanatlar çox zaman hərbi təzyiq elementləri ilə paralel şəkildə irəliləyir. Buna görə də Putinin sülhlə bağlı mesajlarını yaxın perspektivdə tammiqyaslı danışıqların başlanacağına dair qəti təminat kimi deyil, daha çox gələcək diplomatik proses üçün siyasi zəmin formalaşdırmaq cəhdi kimi qiymətləndirmək olar. Danışıqların real nəticə verməsi isə hər iki tərəfin qarşılıqlı güzəştlərə hansı səviyyədə hazır olacağından asılı olacaq”.

//Gülnarə Abasova,Editor.az