İyunun 24-də Venesuelada baş verən zəlzələ 1900-cü ildən bəri ölkədə qeydə alınan ən güclü seysmik hadisə olub.
Editor.az The New York Times-a istinadən xəbər verir
Nəşrin məlumatına görə, bundan əvvəl Venesuelada ən güclü zəlzələ 1900-cü ildə qeydə alınıb. Həmin vaxt 7,7 bal gücündə olan yeraltı təkanlar nəticəsində paytaxt Karakasda 21 nəfər həlak olmuş, 50 nəfər yaralanmışdı. Təbii fəlakət yüzlərlə yaşayış evini dağıtmış, dövlət binalarına və təhsil müəssisələrinə ciddi ziyan vurmuşdu.
İyunun 24-ü axşam saatlarında isə ölkədə 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Yeraltı təkanlar Karakas və ətraf bölgələrdə ciddi dağıntılara səbəb olub. Bir sıra yaşayış binaları çöküb və ya ağır zədələnib.
Bundan əlavə, ölkənin əsas hava limanı olan Simón Bolívar Beynəlxalq Hava Limanında terminal binasının damının bir hissəsi dağılıb. Hadisədən sonra bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Venesuela rəsmilərinin açıqlamasına görə, zəlzələ nəticəsində azı 32 nəfər həyatını itirib, 700-dən çox insan yaralanıb. Ən ağır dağıntılar La Quayra ştatında qeydə alınıb. Bölgədə onlarla binanın çökdüyü, çoxsaylı insanların evsiz qaldığı bildirilir.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir. Rəsmilər dağıntılar altında insanların qala biləcəyini istisna etmir və ölənlərin sayının artacağından ehtiyat edirlər.
//Gülnarə Abasova, Editor.az

