“Cari ilin altı ayı ərzində 2 254 müəssisədə 2 586 yoxlama keçirilib və 1 963 müəssisədə uyğunsuzluq müəyyən edilib”.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.
O qeyd edib ki, ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb:
“Nöqsanları aradan qaldıran 95 müəssisənin fəaliyyəti bərpa olunub. Uyğunsuzluq aşkarlanan 1 600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət (o cümlədən 432 kq at əti) məhv edilib”.
Bundan əlavə, ölkə üzrə 390 ümumtəhsil məktəbində monitorinq aparılıb.
Ə.Nəbiyev bildirib ki, 263 məktəbdə normativ tələblərin pozulduğu aşkar edilib:
“Yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar dərhal satışdan kənarlaşdırılıb. İki məktəb bufetinin fəaliyyəti məhdudlaşdırılıb”.
//Gülnarə Abasova, Editor.az

