Türkiyənin 5 müxtəlif vilayətində meşə yanğınları tüğyan edir. Yanğınsöndürənlərin səylərinə baxmayaraq, yanğın genişlənməkdə davam edir və yaşayış məntəqələrini təhlükə altına alır.
Söhbət Kahramanmaraş, Antalya, Yalova, İzmir və Qaziantep kimi vilayətlərdən gedir. İzmir, Yalova və Qaziantepdə yanğınlar nəzarət altına alınsa da, digər bölgələrdə həm havadan, həm də qurudan yanğınların söndürülməsi davam edir.
Editor.az xəbər verir ki, bu barədə Türkiyə təcili yardım xidmətləri məlumat yayıb. Məlumata görə, Kahramanmaraş vilayətində səkkiz evin sakinləri şiddətli yanğınlar səbəbindən təxliyə edilməli olub. Antalyada da bəzi sakinlər təxliyə edilib. Təhlükəsizliyi təmin etmək üçün bu tədbirlər görülüb. Mütəxəssislər vurğulayırlar ki, meşə yanğınlarının baş verməsində və miqyasında iqlim dəyişikliyi, insanların ehtiyatsız hərəkətləri və yanğından mühafizə tədbirlərinin kifayət qədər aparılmaması əsas rol oynayır.
//Samir Qurbanov, Editor.az

