Danimarkada milyonlarla insanın şəxsi məlumatlarının ələ keçirilməsi ilə nəticələnən genişmiqyaslı kibertəhlükəsizlik insidenti baş verib.
Editor.az Euronews-a istinadən xəbər verir ki, ölkənin milli əhali reyestrinə qanunsuz müdaxilə nəticəsində 8,8 milyon şəxsin məlumatlarına çıxış əldə edilib.
Danimarkanın rəqəmsal məsələlər üzrə naziri Kristina Egelund hadisəni “son dərəcə ciddi” insident kimi qiymətləndirib. Nazir bildirib ki, hadisənin bütün təfərrüatlarının və miqyasının müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlarla birgə araşdırma aparılır.
Məlumata görə, icazəsiz şəxslər vətəndaşların ad, ünvan və CPR nömrələrinə çıxış əldə ediblər. CPR nömrəsi Danimarkada sosial təminat məqsədilə istifadə olunan fərdi identifikasiya nömrəsidir. Məlumat sızmasından ölən və ölkəni tərk edən şəxslərin də təsirləndiyi bildirilir.
Danimarkanın əhalisi təxminən 6 milyon nəfər olsa da, milli əhali reyestrində ölkədə yaşamayan və vəfat etmiş şəxslər də daxil olmaqla, ümumilikdə 11 milyon insan haqqında məlumat saxlanılır.
Hadisə ilə bağlı araşdırma başladılıb. Hücumun kim tərəfindən həyata keçirildiyi isə hələlik müəyyən edilməyib.
Hökumətin məlumatına əsasən, hakerlər milli əhali reyestrinə qanuni çıxışı olan Danimarka şirkətinin sisteminə müdaxilə edərək məlumatlara çıxış əldə ediblər. Şirkətin reyestrə giriş icazəsinin isə indiyədək ləğv edilmədiyi açıqlanıb.
\\ Aydan Bünyatova, Editor.az

