Şəhid ailələrini aldatmaqda təqsirləndirilən sabiq məmurun hökmü açıqlandıbackend

Şəhid ailələrini aldatmaqda təqsirləndirilən sabiq məmurun hökmü açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədovun məhkəmə işi üzrə yekun qərar verilib. Rüşvət alma və dələduzluqda təqsirləndirilən keçmiş məmur 9 il müddətinə azadlıqdan məhrum edilib.

Editor.az-ın APA-ya istinadən məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmə zərərçəkmiş şəxslərin təqdim etdikləri mülki iddiaları da təmin edib. Qərara əsasən, Tural Məmmədov vurulmuş ziyanı ödəməlidir.

İttihama əsasən, Tural Məmmədov Şəki Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışdığı dövrdə bir sıra vədlər verərək həmin şəxslərdən müxtəlif məbləğlərdə pul alıb.

Belə ki, sabiq şöbə müdirinin şəhid ailələrinə və müharibə iştirakçılarına çoxmənzilli yaşayış binasından mənzil əldə etməkdə kömək edəcəyini, eləcə də müharibə iştirakçılarının ailə üzvlərini iş üçün zəruri texniki avadanlıqlarla təmin etdirəcəyini vəd etdiyi bildirilir.

Bundan başqa, o, şəhid ailələrini və müharibə iştirakçılarını avtomobillə təmin olunmalarına yardım göstərəcəyinə inandırmaqda və bu yolla onlardan pul almaqda ittiham olunub. Tural Məmmədova, həmçinin külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb.

Tural Məmmədova Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluğun qulluq mövqeyindən istifadə etməklə törədilməsi), 178.2.4-cü (dələduzluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.