“Biletimizi başqalarına satıblar” – Naxçıvana uçmaq istəyən sərnişinlər AZAL-dakı özbaşınalıqdan narazıdır + VİDEObackend

“Biletimizi başqalarına satıblar” – Naxçıvana uçmaq istəyən sərnişinlər AZAL-dakı özbaşınalıqdan narazıdır + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür Heydər Əliyev Beynəlxalq Hava Limanından Naxçıvana uçmalı olan təyyarənin sərnişinləri gözlənilməz vəziyyətlə üzləşiblər.

Sərnişinlərdən biri – Samirə xanım Bestmedia.az-a bildirib ki, onun və əvvəlcədən bilet almış çoxsaylı sərnişinlərin biletləri başqa şəxslərə satılıb. Onun sözlərinə görə, övladı hərbi xidmətə yola düşən, yaxınını itirən və digər mühüm səbəblərlə Naxçıvana tələsən insanlar gecə reysini gözləməyə məcbur ediliblər. “Mənim biletimi başqasına satıblar. Təkcə mənim yox, 50-60 nəfərin bileti ilə bağlı eyni problem yaşanıb. Camaata dedilər ki, təyyarədə yer yoxdur və bizim uçuşumuzu gecə saat 22:30-a keçiriblər”, – deyə sərnişin bildirib. Onun sözlərinə görə, hava limanında heç kim eyni yerə bir neçə biletin necə satılması ilə bağlı izahat verməyib. İddia olunur ki, məsələ ilə bağlı etiraz edən sərnişinlərə aeroportun əməkdaşları və mühafizə polisi təzyiq göstərib, videoçəkiliş aparılmasına mane olmağa çalışıblar.

Samirə xanım bildirib ki, sonradan 15:30 reysi ilə Naxçıvana uça bilib. Onun sözlərinə görə, həmin təyyarədə çoxlu sayda boş yer olub. “Bir tanışımın köməkliyi ilə saat 15:30-da Naxçıvana uçdum. Təyyarə artıq enib. İçəridə kifayət qədər boş yer var idi. Halbuki sərnişinlərə “yer yoxdur” deyirdilər. İnsanlara böyük əziyyət verirlər. Yaxınını itirən, təcili işi olan insanlar var, amma onların getməsinə imkan yaratmırlar. Təyyarəyə minəndə isə görürük ki, xeyli boş yer var, hətta məndən arxada da azı 12-13 yer boşdur”, – deyə o bildirib. İş qadını olduğunu və Türkiyədə yaşadığını deyən Samirə xanım atasının vəfatının ildönümü ilə əlaqədar Azərbaycana gəldiyini bildirib. O hesab edir ki, bu cür hallar ölkənin imicinə mənfi təsir göstərir və vətəndaşlarda narazılıq yaradır. “Hətta bəzi polis əməkdaşları da qanunsuzluqdan şikayət edən və hüquqlarını tələb edən vətəndaşlara qarşı kobud davranırdı. Mən onlara bildirdim ki, vətəndaşlarla belə rəftar etməyə ixtiyarları yoxdur. Xəbərdarlıq etdim ki, bu cür davranış davam edərsə, daxili işlər naziri Vilayət Eyvazova və onun müavinlərinə müraciət edəcəyəm. Bundan sonra polis əməkdaşları sakitləşdi və daha mədəni davranmağa başladı”, – deyə həmsöhbətimiz bildirib.

bildirib.

 O əlavə edib ki, sərnişinlərdən bəziləri ac, susuz qaldıqlarını, əlavə pulları olmadığı üçün də nə isə alıb yeyə bilmədiklərini deyirdilər. Çoxsaylı şikayətlərdən sonra cəmi 5-6 nəfərə yemək verilib. Halbuki belə fors-major hallarda hava yolları şirkəti insanların yemək və istirahət etmək hüquqlarını təmin etməlidir. Onun sözlərinə görə, Naxçıvan–Bakı və Bakı–Naxçıvan istiqamətində həyata keçirilən uçuşlarda buna bənzər hallara tez-tez rast gəlinir. Bestmedia baş vermiş hadisənin səbəbləri ilə bağlı AZAL-a sorğu göndərib. Qurumun rəsmi mövqeyi təqdim ediləcəyi təqdirdə, həmin cavab da dərc olunacaq.

MİA.AZ