Oktyabrın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Paytaxtda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, temperaturun gündüz 28 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Editor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeronda hava proqnozu
Sabah paytaxtda səma dəyişkən buludlu olacaq, bəzi vaxtlarda buludluluq artacaq. Gün ərzində əsasən yağış gözlənilmir. Cənub-şərq küləyi mülayim əsəcək, gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə oluna bilər.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-20 dərəcə, gündüz isə 23-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqinin 764 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcəyi gözlənilir. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Rayonlarda yağış və dolu ehtimalı var
Ölkənin əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Bununla belə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli leysan yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Gecə və səhər bəzi rayonlarda duman müşahidə edilə bilər. Ərazilərdə şərq küləyi mülayim əsəcək.
Aran rayonlarında gecə temperaturu 15-19 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 7-12 dərəcə, gündüz 18-23 dərəcə isti proqnozlaşdırılır.

